Malayziyada ənənəvi “Penang İsland Jazz” festivalı keçirilib. Azərbaycanın Malayziyadakı səfirliyindən bildiriblər ki, bu möhtəşəm musiqi festivalı 2004-cü ildən etibarən hər il keçirilir və dünyanın müxtəlif ölkələrinin görkəmli caz ustalarını Malayziyanın Penang adasında bir araya gətirir.
Builki festivalda ABŞ, Almaniya, Avstraliya, Azərbaycan, Braziliya, Koreya Respublikası, Çin, Hindistan, Malayziya, Niderland, Norveç, Yaponiya kimi ölkələrdən 190 nəfərdən çox tanınmış musiqiçi iştirak edib.
Azərbaycan bu irimiqyaslı caz tədbirində Rain Sultanovun kvarteti ilə təmsil olunub.
Caz ustalarımızın festivalda iştirakı Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi ilə mümkün olub. Kvartetə Rain Sultanov (saksofon), Elçin Şirinov (piano), Ruslan Hüseynov (bas gitara) və Ramin Sultanov (zərb alətləri) daxildirlər.
Musiqiçilərimiz Azərbaycan cazının koloritini və yüksək ifaçılıq qabiliyyətini Cənub-Şərqi Asiyanın bu bölgəsində böyük məharətlə nümayiş etdiriblər. Onların çıxışları Malayziyanın müxtəlif zövqlü caz həvəskarları tərəfindən heyranlıqla qarşılanıb. Malayziyanın nüfuzlu “The Star” qəzetində “Penang İsland Jazz” festivalı ilə bağlı dərc olunmuş məqalədə azərbaycanlı caz ustalarına xüsusi yer ayrılıb.