Elvin Qəniyev: “Babam Sərvər Qəniyev dünya şöhrətli skripkaçı idi, mən də onun sənət yolunu davam etdirmək istəyirəm”
“Balaca virtuoz”, “Sehrli ifaçı”, “Mahir skripkaçı”, “Müdhiş kamançı”...
Artıq 6-7 ildir ki, həmyerlimiz, 13 yaşlı skripka ifaçısı Elvin Qəniyevin istedadına heyran qalan Türkiyə və digər xarici ölkələrin kütləvi informasiya vasitələri onun musiqi bacarığını bu sözlərlə ifadə edirlər.
Bu günə qədər dünyanın ən müxtəlif musiqi müsabiqələrinin qalibi olub. Məşhur festivalların açılışı bu istedadlı oğlanın ifası ilə gerçəkləşib. Türkiyənin Bilkənd Universitetinin musiqi məktəbində təhsil alan Elvinin doğma vətənə budəfəki gəlişi də səbəbsiz deyil.
Dekabrın 12-də Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı mərasiminə E.Qəniyev də parlaq ifası ilə rəng qatdı. Onun ifasını dinlədikcə düşünürsən: babası, məşhur skripkaçı, Azərbaycanın Xalq artisti, Ankaranın Bilkənd Universitetinin professoru mərhum Sərvər Qəniyevin sənət yolunu davam etdirən balaca Elvinin möhtəşəm uğurları hələ irəlidədir. Bu, dünyada yaşayan hər bir azərbaycanlının fəxarət duyacağı uğurlardır.
Səhnə üçün doğulmuş istedad
1997-ci ildə Ankarada dünyaya gələn Elvində musiqiyə maraq heç də təsadüfən yaranmayıb. Göz açıb ailəsində peşəkar musiqiçiləri görüb. Atası Xeyrəddin bəy violençel ifaçısı, anası Nərminə Qəniyeva piano, dayısı Toğrul Qənioğlu skripka ifaçısıdır.
Nərminə xanım deyir ki, ailədə yetərincə musiqiçi olduğundan Elvinin iqtisadçı və ya həkim olmasını düşünsələr də, istedad öz işini görüb. Onun hələ 2 yaşında ikən dayısı qızı Ceylanın skripkasını əlinə almağa cəhd etməsi ailədə hər kəsin təəccübünə səbəb olur: «Üç yaşında isə ailədə kim məşq edirdisə, oğlum əlinə aldığı qələmlə ona “dirijorluq” edirdi. Musiqi dinləməyə hədsiz marağı vardı. «Koroğlu» operasında Nigar ariyası ifa ediləndə isə Elvin musiqinin təsirindən ağlayırdı. Beləliklə, 5 yaşında atam onunla məşqlərə başladı. O, həmişə gülərək deyirdi ki, bu çox qəribə uşaqdır. Başqaları ilə aylarla məşq edirsən, amma buna bir dəfə dərs keçmək kifayət edir ki, hər şeyi başa düşsün».
Artıq 6 yaşında orkestrlə ifa etməyə başlayan Elvin haqqında Türkiyə mətbuatı belə yazırdı «Səhnə üçün doğulmuş istedad».
Türkiyənin müxtəlif musiqi salonlarında çoxsaylı konsert proqramlarında çıxış edən Elvin 7 yaşında artıq Sərvər Qənyevlə eyni səhnəni bölüşür. Eyni zamanda o, Viktor Pikayzenin ustad dərslərində iştirak edir və Pikayze onu Vivaldinin konsertində özü ilə birlikdə iştirak etməyə dəvət edir.
2005-ci ildə isə o, məşhur skripkaçı Cihat Aşkının Türkiyədə ən istedadlı gənc skripkaçılardan ibarət «Cihat Aşkın və onun gənc dostları» ansamblına üzv seçilir. Həmin vaxtdan o, bu ansamblın tərkibində Türkiyənin müxtəlif şəhərlərində çıxışlar edir və bu çıxışlar musiqisevərlər tərəfindən yüksək qiymətləndirilir. Elə həmin vaxt balaca soydaşımızın musiqi bacarığı medianın da geniş diqqətini cəlb edir. Elvin haqqında «Balaca Motsart», «Skripka virtuozu» kimi başlıqlar altında məqalələr dərc edilməyə başlayır. İstanbuldakı konsertdən sonra tanınmış skripkaçı Ayla Erduran Elvinin parlaq gələcəyini olduğunu bildirərək onu Boğaziçi (Bosfor) Universitetinə konsert verməyə dəvət edir.
2006-cı ilin fevralında Elvin babası Sərvər Qəniyevlə Vivaldi konsertində Bilkənd Orkestrinin müşayiəti ilə Böyük Albert Zalında konsert verir. Skripka virtuozu Mintço Mintçev Elvini dinlədikdən sonra onun musiqi qabiliyyətinin mükəmməl olduğunu vurğulayır.
Dünyanı özünə cəlb edən ifaçı
Elvin doğrudan da, öz üzərində çox çalışır. Özünün dediyi kimi, gün ərzində skripka və pianoda 4 saata qədər məşq edir. Bu zəhmətin bəhrəsi özünü çox gözlətməyib: Elvin iki böyük müsabiqədə birincilik qazanıb.
2006-cı ilin martında Moskvanın İppolitov-İvanov İnstitutunda simli alətlər ifaçılarının «Klassik irs» beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edərək birinci yerə layiq görülür. Münsiflər heyətində tanınmış musiqiçilərdən Sergey Kravçenko, əfsanəvi violençel ifaçısı Nataliya Şavaskaya və digərlərinin təmsil olunduğu bu müsabiqədə 8 yaşlı Elvinin texniki musiqi qabiliyyəti, ustalığı yüksək qiymətləndirilir. Yeniyetmə ifaçı Dmitri Kabalevskinin konsertini və digər əsərləri məharətlə ifa edərək, müxtəlif ölkələrin musiqiçilərindən ibarət münsiflər heyətinin rəğbətini qazanır. Onun ifası hətta müsabiqəyə bütün dünyadan dəvət edilən tanınmış musiqiçilərin marağına səbəb olur. Gənc həmvətənimiz öz sərbəstliyi, məharəti və artistizmi ilə rəğbət qazanır. Elvin Rusiyanın məşhur skripkaçısı Vladimir Spivakov tərəfindən Moskvada təhsil almaq üçün təqaüdə də təqdim olunur. Beləliklə, balaca istedad konsert verdiyi bütün ölkələrdən - İtaliya, Britaniya, Rusiya və s. çoxlu dəvətlər alır.
Hazırda Bilkənd Universitetinin Əhməd Adnan Sayqun adına Musiqi Məktəbində təhsil alan Elvin məşhur skripka müəllimi Zaxar Brondan dərs alır. Zaxar Bron Almaniya, İspaniya və İsveçrə kimi ölkələrin konservatoriyalarında dərslər verir. Sənətçi ondan dərs almaq istəyən minlərlə tələbədən ən yaxşısını seçir. Qəniyev Bronla Qazaxıstanda, TÜRKSOY-un baş katibi Düsen Kasseinov tərəfindən təşkil olunmuş skripka festivalında tanış olub: «Zaxar Bron məni dinlədikdən sonra özü şəxsən ondan dərs almağa dəvət etdi. O vaxtdan paralel olaraq babamla yanaşı, ondan da dərs almışam».
2006-cı ildə dahi bəstəkar V.A.Motsartın 250 illiyinə həsr edilmiş festivalda Elvin iki skripka musiqisi ifa edir. Həmin vaxtdan o, öz yaş qrupuna uyğun müsabiqələrdə iştirak edir. «Ən böyük arzum Rusiyada keçiriləcək «Çaykovski müsabiqəsi» və İtaliyada keçiriləcək «Paqanini müsabiqəsi»ndə iştirak edib uğur qazanmaqdır», - deyir.
Səhnəyə çıxarkən həyəcanlı olub-olmamasına gəlincə, gənc istedad deyir: «Gün ərzində, ən azı 4 saat məşq edirəm. Səhnədə heç vaxt həyəcanlı olmuram. Çünki babam həmişə bir musiqini mənə öyrədəndə hansısa yeri xoşlamırdısa, davamlı olaraq 100 dəfələrlə təkrar etdirirdi. Ona görə səhnəyə çıxdıqda özümə çox əmin oluram. Bir sözlə, səhnədə hər zaman çox rahatam».
Elvinin London uğuru
2006-cı ilin sentyabrında Londonda konsert verən Elvini ingilis musiqi ictimaiyyəti «möcüzəli uşaq» adlandırmışdı. Noyabrda isə Moskva, Kremlin Aleksandr zalında Vladimir Spivakovun müşayiəti ilə baş tutan konsertdə “Moskva virtuozları” orkestri ilə birlikdə çıxış edir. Həmin konsert həm də Rusiyanın birinci xanımı Svetlana Medvedevanın himayədarlığı ilə keçirilirdi.
Davamlı uğurlar əldə edən Elvin 2006-cı ilin dekabrında Bakıda keçirilən Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalında çıxış edir. 2009-cu ildə Polşada iki əfsanəvi skripkaçının Lipinski-Vinyevskinin xatirəsinə həsr olunmuş müsabiqədə iştirak Elvinə gümüş medal qazandırır.
Bu il Elvin üçün xüsusilə əlamətdar olub. O, Türkiyə Sənətçilər Cəmiyyəti tərəfindən ən yaxşı klassik musiqi ifaçısı seçilib. İyunda Elvin Borusan Orkestri ilə birlikdə İstanbul Musiqi Festivalının açılışında iştirak edib. Həmçinin Türkiyə və Azərbaycan orkestri ilə birlikdə Moskva, Praqa, Bakı və Parisdə çıxışlar edib.
2010-cu il iyunun 3-də həmyerlimizin musiqi həyatında daha bir mühüm hadisə baş verib. İstanbul Avropa Mədəniyyətinin Paytaxtı ili çərçivəsində keçirilən 38-ci beynəlxalq festivalın açılışı Elvin Qəniyevin ifası ilə baş tutub. «Atam çox sevinirdi ki, belə bir festivalın açılışı azərbaycanlının ifası ilə gerçəkləşdi», deyə Nərminə Qəniyeva qeyd edir.
Prezident İlham Əliyevin fərmanı ilə Elvin Qəniyevin adı Gənc İstedadların Qızıl Kitabına daxil edilib. Elvin həm də Prezident təqaüdünə layiq görülüb.
Dünyanın bütün ölkələrində azərbaycanlı kimi çıxış edən soydaşımız üçün Prezident təqaüdçüsü olmaq böyük məsuliyyətdir: «Babam verdiyi bütün konsertlərdə mütləq bir azərbaycanlı bəstəkarın əsərini səsləndirirdi. Çox istəyirdi ki, dünya Azərbaycan musiqisini tanısın. Mən də onun yolunu davam etdirməyə çalışıram».
Söhbət əsnasında Elvin gələcək planlarından da bəhs etdi: «Bu ilin mayında UNESCO-da iki konsert proqramı ilə çıxış etdim. Azərbaycanın UNESCO-dakı təmsilçisi Eleonora Hüseynova mənə müasir musiqi ilə muğamı sintez ifa etməyi təklif etdi. Mən muğam ifaçısı Elməddinlə yaxın dostam və onunla bir sintez ifa etmək istərdim».
Elvin babası ilə bağlı xatirələrini də dilə gətirdi: «Babam dərs zamanı mənim üçün müəllim, dərsdən sonra baba idi. Dərsi çox aydın başa salırdı. Artıq 3 aydır ki, onu itirmişik və indi mənə çətindir. Babamın yolu ilə getmək, Azərbaycanda Qəniyevlər nəslinin sənət yolunu davam etdirmək istəyirəm. Babam dünya şöhrətli skripkaçı idi və istəyirəm skripkaçı nəsli davam etsin. Doğma Bakıya gəlməyimə də hər dəfə sevinirəm. Bu dəfə paytaxtımız daha da gözəldir».
Mehparə