İngiltərənin paytaxtı Londonda Azərbaycanın instrumental muğam üçlüyünün konserti böyük uğurla keçib. Rüfət (tar), İmamyar (kamança) Həsənov qardaşları və Malik Təbrizlidən (nağara) ibarət muğam üçlüyünün möhtəşəm Loqan Holl salonunda keçirilmiş ”Simurqun axtarışı” adlı konsertinin birinci hissəsində muğam kompozisiyası və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Bu əsərlər sırasında Ü.Hacıbəylinin “Koroğlu” operasının ikinci pərdəsindən “Saray qızlarının rəqsi”, R.Əfəndiyevin “Rəqs”, C.Cahangirovun “İncəlik rəqsi”, həmçinin “Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el havalarımız, “Şur” “Çahargah” və “Mahur” muğamlarımız londonlu tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.
Bütövlükdə xoreoqrafik rəqs səhnəsinin nümayişindən ibarət olan konsertin ikinci hissəsinin məzmununu isə qədim “Simurq” Şərq dastanı (30 quşun hekayəsi) təşkil edib. İfaçılar incə, nəfis bir zövqlə xalq musiqimizin gülüstanından bir-bir dərilib, bağlanan muğam çələnginin xoş ətrini bu rəqsin canına hopdurub. Bu hissədə “Sarı gəlin” xalq mahnısından da istifadə olunub.
İnstrumental muğam üçlüyü bundan əvvəl ABŞ-ın Vaşinqton, Hyuston və Türkiyənin İstanbul şəhərlərində də uğurlu konsert proqramları ilə çıxış edib.