Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqisevənlər Klubunun təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Azər Dadaşovun yaradıcılıq gecəsi keçirilib. 
      
   Yanvarın 12-də maestro Niyazinin mənzil-muzeyində təşkil olunmuş tədbirə toplaşanlar əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olublar.
   Yaradıcılıq gecəsi Azər Dadaşovun ifasında Q.Qarayevin əsərlərindən parçaların səslənməsi ilə başlayıb.
   Sonra Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova A.Dadaşovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, böyük bəstəkar Qara Qarayevin tələbəsi olmuş Azər Dadaşov zəngin yaradıcılığı ilə milli musiqimizin inkişafı, təbliği istiqamətində çox böyük işlər görüb. Bəstəkar uzun illərin yaradıcılıq məhsulu olan 10 simfoniyanın, neçə-neçə digər əsərlərin, habelə 20-dən çox kinofilmə yazılmış musiqilərin müəllifidir.
   Gecədə bəstəkarın həyat və yaradıcılığından bəhs edən slayd nümayiş etdirilib, gənc ifaçılar onun əsərlərini səsləndiriblər.