Onun həyatı mürəkkəb keçidlər, gözlənilməz improvizələrlə dolu idi, lap elə caz musiqisində olduğu kimi
      
   1936-cı il martın 31-də Fərzi və Şahbəyimin çoxuşaqlı ailəsində daha bir övlad - Rafiq dünyaya gəldi. Valideynlərinin peşəkar musiqiyə bağlılığı olmasa da, uşaqların hamısı musiqiyə meyillənmişdi və kiçik bir “orkestr” qura bilmişdilər. 
      
   Rafiqin böyük bacıları - Mərziyyə pianoçu, Vəsilə arfa ifaçısı, qardaşı Oqtay nəfəsli alətlər ifaçısı, Rafiq bəstəkar, pianoçu, aranjemançı oldu. Kiçik bacıları Armanus isə musiqi nəzəriyyəçisi idi. Yəqin ki, valideynləri qızları Emiləni uşaq ikən itirməsəydilər, ailədə daha bir musiqiçi olacaqdı.
   Babayevlər ailəsində musiqiyə olan bu sevgini, marağı Vəsilə xanım belə izah edir: “Bu, görkəmli bəstəkar Müslüm Maqomayevin xidmətidir. Babamız Məhəmməd ağa onunla dostluq edir, tez-tez bir-birinə qonaq gedərdilər. Maqomayev Lənkəranda müəllim işləyəndə musiqi axşamları təşkil edər, anam da orada səslənən musiqiyə həvəslə qulaq asarmış. Onun musiqiyə olan bu sevgisi bizə də keçmişdi”.
   Beləliklə, Babayevlər ailəsində övladların hər biri peşəkar musiqi təhsili aldılar. 1937-ci ildə həyat yoldaşının həbsindən (Fərzi Babayev repressiya qurbanı kimi güllələnib, 1956-cı ildə ölümündən sonra bəraət alıb - red.) sonra evdəki əşyalar müsadirə edilərkən Şahbəyim xanım böyük çətinliklə də olsa uşaqlar üçün ən qiymətli olan əşyanı - pianonu qoruyub saxlaya bilmişdi.
   1943-cü ildə Rafiq musiqi məktəbinə daxil olur. Musiqi istedadı ilə yanaşı, o riyaziyyat fənnini gözəl bilirdi. Məktəbin direktoru, tanınmış pianoçu Kövkəb Səfərəliyeva Rafiqə paralel olaraq 160 saylı orta məktəbdə də təhsil almağa icazə verir. 1950-ci ildə Rafiq A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur. Gözəl pedaqoq R.S.Levinanın sinfində təhsil alan Rafiq öz qabiliyyəti sayəsində başqalarından seçilirdi.  

   Bakı gənclərinin sevimli məkanı
   
   50-ci illər, “Amerikanın səsi” radiosu , Uillis Konover caz musiqisi, sovet senzurası... Armanus xanımın dediklərindən: “Rafiq dönə-dönə bu mahnıları dinləmək istəyirdi. Sadəcə qulaq asmırdı, dərhal ifa etməyə və onu yazmağa cəhd edirdi”. Sonralar sənətçi bu barədə belə deyəcəkdi: “Biz caz musiqisinin vurğunu idik. Gecələr Oqtayla radioqəbuledicinin qarşısında əyləşir, musiqini çətinliklə köhnə maqnitofona yazırdıq”.
   Yavaş-yavaş Babayevlərin evi musiqi ocağı kimi Bakı gənclərinin diqqətini cəlb edirdi. Əzizbəyov küçəsindəki bu mənzildə müzakirələr səhərə qədər davam edirdi. Rafiq Babayev caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi. Hətta 160 saylı məktəbdə o, özünün “caz-band”ını da yaratmışdı. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Kim bilir, əgər komissiyanın tərkibində Fikrət Əmirov olmasaydı, Rafiqin bu cəsarətli çıxışı onun taleyində necə rol oynayacaqdı. Əsl musiqiçi kimi məhz o, məzunun cəsarətli ifasını layiqincə qiymətləndirdi. Böyük bəstəkarın xeyir-duası həmin gün Rafiqin sənət yolunu böyük hədəflərə yönəltdi. Qarşıda Rafiqi konservatoriya gözləyirdi.
   Konservatoriyaya daxil olma ərəfəsində dilemma meydana çıxdı: riyaziyyat Rafiqi necə cəlb etmişdisə, seçim qarşısında qalmışdı. Lakin Rauf Atakişiyevin səyləri nəticəsində o, musiqini seçdi. Buna baxmayaraq, bütün ömrü boyu da sevimli elmi onu müşayiət etdi.
   Tələbəlik illərindən Rafiq Babayevlə müəllimi, professor Rauf Atakişiyev arasında möhkəm dostluq başlayır və bu münasibətlər uzun müddət davam edir. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən sənətçi konservatoriyanı bitirib, musiqi qrupunun rəhbəri kimi Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Üç il, 1960-1962-ci illərdə qrupa rəhbərlik edir. Sonralar Rafiq Babayevin arxivində xəritə tapılmışdı. Həmin xəritədə üç il ərzində musiqi qrupunun konsert verdiyi şəhərlər qeyd olunmuşdu. 1962-ci ildə qrup parçalanır və onlar Bakıya cibləri pulla dolu qayıdırlar. Bu vaxta qədər heç vaxt Azərbaycandan olan caz ifaçıları belə yüksək qonorar almamışdılar. Gənc sənətçi bu pula anasına mebel, özünə isə royal alır. Digər tərəfdən bu üç il sənətçinin yaradıcılıq həyatında da mühüm rol oynayır: onun yaradıcılıq fəaliyyətinin coğrafiyası genişlənir və vətənin sərhədlərini aşır.
   
   Estrada və caz
   
   Rafiq Babayev Bakıya qayıdandan sonra yaradıcılıq həyatında yeni mərhələ başlayır. O, görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1964-cü ildə pianoçu ilk dəfə SSRİ sərhədlərindən kənarda - Misirdə çıxış edir. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda o, teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. Rafiq Babayev və Rəşid Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq tamaşanın səhnəyə qoyulması üçün çox böyük səy göstərmişdi. 1983-cü ilə qədər Rafiq Babayev Rəşid Behbudovla işlədi, onun musiqi kollektivinə rəhbərlik etdi. Bu, həm də Azərbaycan musiqi tarixində bir paralel kimi yadda qaldı: Behbudov-Babayev, estrada+caz.
   Bütün bu illər ərzində sənətçi caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd” ladında ifa etdiyi kompozisiya xüsusi qeyd edilir. Həmin illərdə sənətçi ictimai işlərlə də məşğul olur, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edir. Onun yaradıcılıq fəaliyyəti pedaqoji işlə, gənc instrumental musiqiçi və vokalçılarla həmişə bağlı olub.
   Rafiq Babayevin yaradıcılıq diapazonu bir neçə istiqaməti əhatə edirdi: Mahnı Teatrında fəaliyyəti, “Cəngi” və “Qaya” ansambllarındakı layihələri, müxtəlif solistlərlə qastrol səfərləri və festivalların təşkilində iştirakı, albom-disklərin, kino musiqilərinin yazılması...
   Rafiq Babayev 23 bədii (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s.) və sənədli filmə musiqi yazıb. T.Quliyevin, R.Hacıyevin, A.Məlikovun, X.Mirzəzadənin, E.Sabitoğlunun, R.Mirişlinin, A.Əlizadənin, F.Əlizadənin, F.Qarayevin kino musiqilərinin yazılmasında bilavasitə iştirak edib.
   Sənətçinin qızı, musiqişünas Farizə Babayeva bu haqda belə deyir: “Kino musiqisi atam üçün yaradıcı laboratoriya idi. Ümumiyyətlə, o, rəqs, mahnı və ya xalq melodiyalarından asılı olmayaraq, bütün janrları cazla improvizə edirdi, onlara caz prizmasından yanaşırdı. Bu baxımdan kino musiqiləri də istisna deyildi. Təsadüfi deyil ki, kinoçəkilişlərdən sonra bir sıra mövzular onun üçün əsas caz kompozisiyasına çevrildi”.
   1978-ci ildə Rafiq Babayev Vaqif Mustafazadə ilə birlikdə müştərək disk layihəsi üzərində düşünür. Bu layihənin reallaşması tanınmış caz ifaçısının Daşkənd festivalından qayıtmasından sonra baş tutacaqdı. Lakin Vaqif Mustafazadənin Özbəkistanda vəfat etməsi bu layihənin həyata keçməsinə imkan vermədi.
   Qeyd edək ki, 1982-ci ildə Rafiq Babayev Azərbaycanda Bəstəkarlar İttifaqının üzvü seçilmiş ilk caz bəstəkarı oldu. Bakıda ilk caz festivalının təşkili də onun adı ilə bağlıdır.
   Görkəmli bəstəkar 1983-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Estrada Simfonik Orkestrinə rəhbərlik edib.
   Bir qədər sonra 1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı. Rafiq Babayevin fitri istedadı, yüksək professionallığı və qeyri-adi əməksevərliyi yüksək qiymətləndirilərək 1993-cü ildə ona Azərbaycanın Xalq artisti fəxri adı verilmişdi.
   
   Sonuncu improvizə
   
   1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakının “20 Yanvar” metro stansiyasında dəhşətli terror aktı törədildi. Bu terror nəticəsində həlak olan 14 nəfər arasında görkəmli mədəniyyət fədaisi Rafiq Babayev də vardı. Onun faciəli ölümü təkcə Azərbaycan mədəni ictimaiyyətini, musiqisevərləri deyil, Rafiq Babayevi tanıyan dünya musiqi xadimlərini, bəstəkarın xaricdəki pərəstişkarlarını da sarsıtdı.
   Azərbaycan mədəniyyəti və musiqisinin dünyaya tanıdılmasında böyük xidmətləri olmuş Rafiq Babayev öz yaradıcılığı dövründə çoxlu improvizələr etdiyi kimi, onun həyatla vidalaşması da qeyri-adi, faciəli oldu. O gün sonuncu Babayev improvizəsi idi. Şanssızlıqla dolu, illüziyalara yer olmayan bir improvizə.
   
   Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən, Rafiq Babayevin 75 illik yubileyinin qeyd olunması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Yubiley çərçivəsində Rafiq Babayevin kompozisiyalarından ibarət yeni albom buraxılacaq. Bundan əvvəl sənətçinin əsərlərinin yer aldığı bir neçə disk işıq üzü görüb. Onlardan ən yaddaqalanı 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan albomdur. Həmin albom dünyanın bir çox ölkəsində yayılıb, caz musiqisi həvəskarları tərəfindən rəğbətlə qarşılanıb.
   
   Mehparə