Firəngiz Əlizadə: «Bu təkcə musiqi deyil, incəsənət hadisəsidir»
   
   Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə iyunun 28-dən iyulun 1-dək Bakıda «İpək yolu» II Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu münasibətlə öncə Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı təşkil edildi, festivalla bağlı məlumat verildi.    

    Bəstəkarlar İttifaqının sədri, festivalın bədii rəhbəri Firəngiz Əlizadə bildirdi ki, ötən il Şəki şəhərində keçirilən «İpək yolu» I Beynəlxalq Musiqi Festivalının uğurları onları ruhlandırıb: «Odur ki, ənənəni davam etdirərək, bu il -Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ilində Bakı şəhərində yenidən festivalı keçirməyi qərarlaşdırdıq. Təsadüfi deyil ki, bu gözəl musiqi bayramının əks-sədası dünyanın müxtəlif guşələrindən gəlir. Bu bir daha sübut etdi ki, «İpək yolu» Azərbaycanın zəngin mədəni həyatında öz layiqli yerini tuta bilib. Bu festival təkcə musiqi deyil, incəsənət hadisəsidir».
   F.Əlizadə bildirdi ki, festivalda Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa, İsveçrə və Amerikadan qonaqlar dəvət olunub: «Festivalın geniş proqramı unikal Xalça Muzeyində, istedadlı gənc musiqiçi Cavad Tağızadənin multimedia layihəsi ilə başlayaraq, Bəstəkarlar İttifaqının tarixi binasında Əməkdar rəssam Səbinə Şıxlinskayanın Qriqin musiqisinə orijinal installyasiyaları ilə tamamlanacaq. Festival günlərində qonaqlar və Bakının sakinləri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uzun müddət səhnədə getməyən «Əsli və Kərəm» operasına yenidən tamaşa etmək, Kiyevin «Rikoşet» ansamblının ifasında avanqard musiqisini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri Şopen və Listin əsərlərindən həzz almaq imkanı əldə edirlər. Həmçinin tanınmış alman dramaturqu Patrik Züskindin «Kontrabas» pyesinin ideya və məzmununun Azərbaycan muğamının melodiyaları ilə «çarpazlaşmasını» izləmək imkanı yaradılıb».
   Tədbirdə Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Xalq artisti Ramiz Zöhrabov və digərləri iştirak edərək, Azərbaycanın bir çox beynəlxalq festivallara layiqincə ev sahibliyi etdiyini bildirdilər.
   Festivalın ilk tədbiri Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində baş tutdu. İyunun 28-də bu məkanda istedadlı gənc musiqiçi Cavad Tağızadənin «Xalçanın musiqi sehri» multimedia layihəsi təqdim olundu. Təqdimatda Xalq artisti Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının nəzdindəki «Oazis» simli kvartetinin və «Ad Libitum» ansamblının solisti və bədii rəhbəri C.Tağızadənin bir sıra xarici ölkələrdə solist kimi qastrol səfərlərində olduğunu bildirdi. Muzeyin direktoru Röya Tağıyeva isə «İpək yolu» festivalının gələcəkdə daha geniş formada keçiriləcəyinə əmin olduğunu dedi. Tədbir iştirakçıları multimedia layihəsini izlədikdən sonra «Azərbaycan xalçaları Böyük İpək Yolunda» adlı sərgi ilə tanış oldular.
   Daha sonra Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda etno-caz konserti təşkil olunub. Konsertdə gənc və istedadlı pianoçu Emil Əfrasiyab və instrumental qrup çıxış edib. E.Əfrasiyab bildirib ki, konsertdə Şərqlə Qərbin sintezi səpkisində musiqilər ifa edir. Dahi pianoçu Vaqif Mustafazadənin əsərlərini və özünəməxsus caz kompozisiyalarını ifa edən E.Əfrasiyab konsertə özünün «Xarakter» əsəri ilə yekun vurub. Həmin gün növbəti tədbir isə İçərişəhərdəki «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarix memarlıq qoruq-muzeyində baş tutub. Muzeydə dahi bəstəkar Üzeyir Hacıbəylinin «Əsli və Kərəm» operası tamaşaçılara təqdim olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, festivalın əhəmiyyətindən, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub-saxlanması istiqamətində görülən işlərdən danışıb.
   Festivalın növbəti günlərində Stanislav Deya (Polşa) və Nərgiz Əliyarovanın (Azərbaycan) iştirakı ilə F.Şopen, F.List və Q.Qarayevin fortepiano əsərlərindən ibarət konsert, Amaan Əli Xanın rəhbərliyi ilə «Sarod» ansamblının konserti (Hindistan), pianoçu Stanislav Deyanın ustad dərsi, Hindistan, Cənubi Koreya və Norveç ifaçılarının iştirakı ilə Azərbaycan Dövlət Qədim Musiqi Alətləri ansamblının konserti, alman yazıçı-dramaturqu Patrik Züskindin «Kontrabas» pyesi əsasında eyniadlı tamaşanın təqdimatı baş tutub. Gənc Tamaşaçılar Teatrında təqdim olunan bu tamaşada kontrabasçı rolunu Əməkdar artist Şövqi Hüseynov, muğam parçalarını isə Opera və Balet Teatrının solisti Mütəllim Dəmir ifa edib.
   Sözügedən tamaşanın musiqi tərtibatında Avropa musiqisi və milli muğam parçaları sintez olunaraq ömrünü musiqiyə həsr etmiş qəhrəmanın hiss və həyəcanını, sarsıntılarını özündə canlandırır.
   Bu gün isə Bəstəkarlar İttifaqında Azərbaycan bəstəkarlarının kamera-instrumental musiqisindən ibarət konsert, Azərbaycan bəstəkarlarının vokal və xor musiqisi, «Novruz» muğam triosunun konserti, Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayanın «Şairin qəlbi» adlı multimedia layihəsinin təqdimatı ilə festivalın işinə yekun vurulacaq.
   
   Gülər