Arif Qazıyev: «Mədəni mübadilə əlaqələrin genişlənməsinə xidmət edir»
İçərişəhərdə, qədim karvansarada yerləşən Muğam Teatrının fəaliyyəti daim mədəni ictimaiyyətin diqqətini çəkir. 22 ildir ki, ölkəmizdə və xaricdə milli muğamlarımızın təbliğinə töhfələr verən Muğam Teatrı mütəmadi olaraq yeni layihələrlə gündəmə gəlir. Teatrın qurucusu və baş rejissoru Arif Qazıyevlə söhbətimiz də yeniliklərlə bağlı oldu.
- Arif müəllim, Muğam Teatrının kollektivi ötən il İranda maraqlı konsert proqramı ilə çıxış etmişdi. Bu il hansı xarici ölkəyə qastrol səfərinə hazırlaşırsınız?
- Türkmənistana qastrol səfərimiz nəzərdə tutulub. Əslində, belə bir təşəbbüs Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən hələ 3 il bundan əvvəl irəli sürülmüşdü. O, 2008-ci ildə Bakıya səfəri zamanı Muğam Teatrına baş çəkmişdi. Muğam Teatrı kollektivinin çıxışlarını yüksək qiymətləndirən Türkmənistan prezidenti fəaliyyətimizlə maraqlanmışdı. Ona teatr barəsində məlumat verdik. Bizi diqqətlə dinlədikdən sonra dedi ki, biz bu Muğam Teatrının kollektivini Türkmənistanda məmnuniyyətlə gözləyirik.
Türkmənistanın Azərbaycandakı səfiri də bir dəfə kollektivin ifasını dinlədi, Muğam Teatrının fəaliyyəti barədə məlumat topladı. İndi dost ölkəyə səfərə hazırlaşırıq.
Bir məqamı da diqqətə çatdırım ki, bizim Türkmənistanda geniş diasporumuz var, orada 300 min azərbaycanlı yaşayır. Bu baxımdan Muğam Teatrının Türkmənistana səfəri onlar üçün də maraqlı olacaq. Qastrol səfəri sentyabrın sonu - oktyabrın əvvəllərində nəzərdə tutulub. Səfərə 20 nəfərlik heyətlə gedəcəyik. Kollektivdən əlavə, qastrol səfərinə Türkmənistanda çox sevilən müğənnilərimiz Gülyaz və Gülyanaq Məmmədova bacılarını da dəvət etməyi planlaşdırırıq. Əlbəttə belə bir mübadilə, qastrol səfərləri ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edir. Məsələn, bir neçə ay öncə bizim teatrın üç əməkdaşı Kazanda konsert proqramı ilə çıxış etdi. Bütün bunlar həm də Muğam Teatrının yaradıcılığına əlavə stimul verir.
- Arif müəllim, respublika daxilində, rayonlarımızda konsert proqramları ilə çıxış etmək imkanınız olurmu?
- İki əlamətdar gün, 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Sabirabad, Salyan, Neftçala, Qazax, Tovuz və Qusarda konsert proqramları ilə çıxış etdik. İstər adi insanlar, istərsə də əsgərlərimiz kollektivin ifasından çox razı qaldı. Onu da deyim ki, sənətçilərin hərbi hissələrdə, əsgərlər qarşısında müntəzəm çıxışlar etməsi çox vacibdir. Bu hərbçilərimizin xidməti fəaliyyətinə də müsbət təsir edən amildir. Rayonlarda konsertlərdə çoxları deyirdilər ki, biz Muğam Teatrının adını eşitmişdik, amma ifasını dinləməmişdik. Nə yaxşı ki, rayona gəldiniz.
- Tanınmış sənətkarların xatirə və yaradıcılıq gecələrini keçirən Muğam Teatrında bu ənənə bu gün necə yaşadılır?
- Bu tədbirlərin keçirilməsi Muğam Teatrında həqiqətən də bir ənənə halını alıb və biz bu işi davam etdirməkdəyik. Məsələn, elə sənətkarlar var ki, onlar az-az xatırlanır, yada salınır. Onlarla bağlı tədbirlər keçiririk. Böyük sənətkarlarımızın yaradıcılıq gecələrini keçiririk. Bu aydan başlayaraq Arif Babayevin, Ağacəbrayıl Abasəliyevin, Əbülfət Əliyevin yaradıcılıq gecələrini keçirməyi planlaşdırırıq.
- Ötən söhbətimizdə «Vağzalı» adlı film çəkmək istədiyinizi demişdiniz. Bu iş nə yerdədir?
- Bu filmlə «Vağzalı» havasının haradan gəldiyini, yaranma tarixçəsini göstərməklə yanaşı, mahiyyətini də açıqlayacağam. Açığını deyim, «Vağzalı» havası ola-ola toylarımızda «Mendelson marşı»nın çalınmasını qəti şəkildə qəbul etmirəm. Özümüzün gül kimi musiqimiz var. Yəqin ki, filmi yaxın aylarda başa çatdıracağıq.
- Bu yaxınlarda növbəti «Muğam» televiziya müsabiqəsi başa çatdı. Bu müsabiqədə iştirak edən gənc ifaçıların çıxışlarını necə qiymətləndirirsiniz?
- Azərbaycanda muğam müsabiqələrinin keçirilməsi çox təqdirəlayiq haldır. Eyni zamanda, yaxşı olardı ki, muğam müsabiqəsinin qalibləri müəyyən teatrlara qəbul edilsin və gələcəkdə peşəkar ifaçı kimi püxtələşsinlər. Mən görürdüm ki, bu müsabiqə çox yüksək səviyyədə təşkil olunub. Elə bil ki, insanlarda bir bayram əhvalı var idi. Hamı bu müsabiqədə iştirak etmək istəyirdi. Bütün bunlar Azərbaycan dövlətinin mədəniyyətin, musiqinin, muğamımızın inkişafına diqqət və qayğısının nəticəsidir. Muğam müsabiqəsinin laureatlarını Muğam Teatrında görmək arzusundayam. Muğam teatrı öz ənənəsi olan bir sənət məkanıdır. Burada hər gün məşqlər olur, gənc ifaçılar püxtələşir. Ona görə də, hesab edirəm ki, gənc ifaçıların püxtələşməsi üçün Muğam Teatrından gözəl bir yer yoxdur. Çünki bu karvansaranın özü muğam üçün yaranıb.
Mehparə