Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalının iyulun 23-də başlanan rəngarəng konsert proqramları davam edir. İyulun 30-da festivalın rəsmi açılışı keçirilib.
   
   “Qafqaz Resorte” hotelinin qarşısındakı parkda açıq səma altında keçirilən mərasimdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Məktubda bildirilir ki, artıq üçüncü dəfədir ki, bu musiqi festivalı Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir: “Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründə tolerantlıq ənənələrinin və mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsinin təməli qoyulmuşdur. Böyük İpək Yolu Azərbaycan ərazisindən keçəndə bu ənənələr öz inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu gün həmin ənənələrin sayəsində Azərbaycan Avropa və Şərq arasında mədəniyyətlərarası körpü rolunu oynayır”.
   Təbrikdə qeyd edilir ki, Qəbələ festivalı səhnəsində həm Avropa klassik musiqisi, həm də ənənəvi Azərbaycan musiqisi və onun incisi - hələ 2003-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam səslənir: “Ənənəvi hal almış bu festival musiqi tədbiri üçün qısa bir müddətdə əsas məqsədə nail olmuşdur. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir”.
   Mərasimdə Qəbələ rayonundan millət vəkili Fəttah Heydərov çıxış edərək festivalda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri salamlayıb, onlara təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması üçün Heydər Əliyev Fondu tərəfindən atılan növbəti addımdır.
   Tədbirdə Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin festival iştirakçılarına ünvanlanmış təbrik məktubu da oxunub.
   Sonra qala-konsert olub. Konsertdə dünya şöhrətli dirijor Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin çıxışı həm Yuri Başmetin, həm də Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, dünyanın məşhur vokalçılarından Sergey Leyferkus (bariton), Almaniya Dövlət Operasının solisti Anna Samuil (soprano), İtaliyanın məşhur tenor ifaçısı Massimiliano Pisapia, Rusiyanın violin ifaçısı Alyona Bayevanı da müşayiət edib.
   
   * * *
   İyulun 31-də “Qafqaz Resorte” hotelinin qarşısındakı parkda Rusiyanın Sankt-Peterburq şəhərinin “Terem-kvartet”inin üzvləri Andrey Konstantinov (kiçik domra), Aleksey Barşev (domra alt), Andrey Smirnov (bayan), Mixail Dzyudze (balalayka-kantrabas) maraqlı konsert proqramı ilə çıxış ediblər.
   Həmin gün hotelin kamera musiqisi zalında daha bir konsert təqdim edilib. Konsertdə dünya şöhrətli musiqiçi Yuri Başmet violada, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Qəbələ III Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli pianoda, festivalın bədii rəhbəri Dmitri Yablonski violenceldə, amerikalı pianoçu, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskaya pianoda, almaniyalı Mattias Samuil pianoda, rusiyalı Alyona Bayeva violində yaddaqalan ifa nümayiş etdiriblər.
   
   * * *
   Avqustun 1-də festivalda Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” dövlət simfonik orkestrinin konserti olub. Orkestrin çıxışı italiyalı Klaudio Vandellinin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, Litva Kamera Orkestrinin direktoru Sergey Krılovı (violin), İtaliyanın R.Tebaldi və M.Monako adına Opera İncəsənəti Beynəlxalq Akademiyasının tələbəsi Cavid Səmədovı (bariton), İtaliyanın Ozimo Musiqi Akademiyasında təhsil alan tenor ifaçısı Azər Rzazadəni də müşayiət edib.
   Qeyd edək ki, Qəbələ III Beynəlxalq musiqi festivalı avqustun 5-də başa çatacaq.