Konsertdə kamança ustası İmamyar Həsənov da çıxış edəcək
   
   Azərbaycanın tanınmış kamança ustası İmamyar Həsənov avqustun 20-də ABŞ-ın Çikaqo şəhərindəki “Harper College”də konsert proqramı ilə çıxış edəcək.
   Bu barədə məlumat verən İ.Həsənov Beynəlxalq “İpək yolu” konsertində solo ifa edəcəyini bildirib.
   ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin məşhur musiqiçilərinin qatılacaqları konsertdə azərbaycanlı kamança ustası əcnəbi tamaşaçılara “Rast”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Şur” muğamlarını, milli rəqslərimizdən ibarət kompozisiyaları təqdim edəcək.
   Qeyd edək ki, bundan əvvəl ABŞ-da İ.Həsənovun “Açılmamış xəzinə” (“An Undiscovered Treasure”) diski işıq üzü görüb. Diskə T.Quliyev, F.Əmirov, A.Məlikov və digər məşhur Azərbaycan bəstəkarlarının əsərlərindən əlavə, musiqiçinin “Çahargah muğamı əsasında rapsodiya”sı və “Bayatı-Şiraz” və “Çahargah” muğamları əsasında improvizasiyaları da daxil edilib.