Moskvada keçirilən beynəlxalq festivalda azərbaycanlı bariton Elçin Əzizov da iştirak edir
   
   Gənc azərbaycanlı bariton, Böyük Teatrın solisti Elçin Əzizov avqustun 20-də işə başlayan IX Moskva “Zadəgan mövsümü” rus malikanələri musiqisi Beynəlxalq festivalında iştirak edir. Festival Rusiya paytaxtındakı knyaz Qolitsinlərin “Vlaxernskoye-Kuzminki” muzey-malikanəsində keçirilir. Hər il ənənəvi olaraq keçirilən festival özünün bütün çoxçalarlılığı ilə seçilən rus malikanə mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Festival rus malikanə musiqisi janrının ənənəvi rəngarəngliyini qoruyub saxlayır.
   Avqustun 27-dək davam edəcək festivalda uşaqlar və böyüklər üçün “Sadəcə nağıl deyil” folklor-musiqili tamaşası nümayiş olunacaq, “Blyüzün əks tərəfi” adlı konsert proqramı təqdim ediləcək.
   Bayan ifaçılarından ibarət “Rus tembri” ansamblı “Zadəgan mövsümü”nün qonaqları qarşısında çıxış edəcək.