III Beynəlxalq Musiqi Festivalında çıxış edib
Sentyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Hollandiyanın “Bilitis” dueti (arfa, vokal) geniş konsert proqramı ilə çıxış edib. Duetin solistləri Yekaterina Levental və Eva Tebbe Azərbaycanda musiqiyə böyük marağın şahidi olduqlarını diqqətə çatdırıblar. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinın adını daşıyan beynəlxalq tədbirin iştirakçıları arasında olduqları üçün özlərini xoşbəxt hiss etdiklərini deyən qonaqlar bu gözəl musiqi bayramının yüksək səviyyədə keçirildiyini vurğulayıblar. Hər iki sənətçinin ifasında tanınmış dünya bəstəkarlarının əsərlərindən parçalar səslənib.