Azərbaycan paytaxtı yenidən caz musiqisinin tanınmış simalarını bir araya gətirib
   
   Hər il olduğu kimi, bu il də Azərbaycanın musiqi həyatında ən yaddaqalan hadisələrdən biri olan Bakı Beynəlxalq Caz Festivalına start verildi. Məşhur cazmenləri, gənc ifaçıları bir araya gətirən festival yenə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə keçirilir.
   
   Oktyabrın 15-də Heydər Əliyev Sarayında “Bakı Beynəlxalq Caz Festivalı -2011”-in açılış mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, musiqiçilər və caz sənəti həvəskarları iştirak edirdilər.
   Mərasimin aparıcısı Rahib Azəri son illər Azərbaycanda caz musiqisinin təbliği, inkişafı üçün çox işlər görüldüyünü vurğuladı, Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq caz festivallarının da bu mərama xidmət etdiyini bildirdi. Qeyd olundu ki, oktyabrın 29-dək davam edəcək festival çərçivəsində dünyanın tanınmış caz ifaçıları geniş konsert proqramları ilə çıxış edəcəklər. Həmçinin festival çərçivəsində “Yeni adlar” layihəsinin də keçiriləcəyi bildirildi.
   Sonra səhnəyə tanınmış amerikalı caz ifaçısı Reyçel Ferreli çıxdı. Xanım Ferrelinin ifası tamaşaçıların alqışları ilə müşayiət olundu.
   Qeyd edək ki, festival proqramına Marsio Faraco, Rudreş Mahantappa, “Aleksandr Maşin və dostları” caz qrupu, De Phazz, Misirli Əhməd, “Yeni adlar” caz layihəsi, Elçin Şirinov, Şahin Növrəsli, Ben Vestbeech, Salman Qəmbərov və Yuri Kuznetsov, Cəmil Əmirov və “Savab” qrupu, İsfar Sarabski, Əfqan Rəsul, Rain Sultanov, Vaqif Sadıxov və s. musiqiçi və musiqi kollektivlərinin konsertləri daxildir. Konsertlər Heydər Əliyev Sarayı ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Filarmoniyası və Bakı Caz Mərkəzində gerçəkləşəcək.
   
   Festivalın «Yeni adlar»ı
   
   Oktyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində “Bakı Beynəlxalq Caz Festivalı -2011” çərçivəsində “Yeni adlar” layihəsinin konserti keçirildi. Beynəlxalq mükafatlar laureatı, Bakı Caz Mərkəzinin solisti Elçin Şirinovun çıxışları cazsevərlər tərəfindən alqışlarla qarşılandı. Konsertdə E. Şirinovun “İlham”, Rafiq Babayevin “Dağlarda bayram ” və “Qarpız kəsdim” xalq mahnısının motivləri əsasında hazırlanmış kompozisiya təqdim olundu. Solisti udda Mircavad Cəfərov, bassda Kana Novikov, zərb alətlərində Aleksandr Marşin müşayiət etdilər.
   Konsertdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 11-12-də keçirilən gənc caz ifaçılarının respublika festival-müsabiqəsinin laureatları - Suada Ələkbərova, Tamilla Yaqubova, Orxan Ağayev, Ləman Abbaszadə, Camal Eminli və Zülfünaz Nəcəfova çıxış etdilər. Onlara Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim edildi.
   Zülfünaz Rəcəbova Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. Üç ildir, cazla məşğuldur. Cavan Zeynallıdan dərs alır. Deyir, cazı bilən ifaçı üçün bütün janrlarda oxumaq asandır. Caz festivalında ilk dəfə iştirak edir.
   Orxan Ağayev bir ildir ki, cazla məşğuldur. Xüsusi musiqi təhsili olmasa da, bu sahəyə marağı böyükdür. Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. Gələcəkdə Amerikada musiqi təhsili almaq və cazı daha dərindən öyrənmək istəyir.
   Camal Eminli ixtisasca iqtisadçıdır. Bir çox mahnı müsabiqələrində iştirak edib. Caz Mərkəzində oxuyur.
   Tamilla Yaqubova 7 illik musiqi məktəbini bitirib. Festivalda ilk çıxışıdır. Bildirdi ki, çıxışımla insanları caza bir az da yaxın etmək istəyirəm.
   Ləman Abbaszadə Xalq artisti Fidan Qasımovanın tələbəsidir. Səsi caza yaxın olduğu üçün festivala qatılıb. Arzusu ölkəmizi xaricdə keçiriləcək caz festivallarında təmsil etməkdir.
   Suada Ələkbərovanın isə 11 yaşı var. Rostropoviç adına musiqi məktəbinin şagirdidir. Caza böyük maraq göstərir. Bir neçə konsertdə çıxış edib.
   Gənclərin festivala böyük həvəslə qatıldıqları aydın hiss olunurdu. Hər bir ifaçı bütün potensialını göstərməyə çalışır, sanki caz musiqisinin gözəlliklərini, dərin və düşündürücü məqamlarını bütünlükdə tamaşaçılara aşılamağa çalışırdılar. Konsert maraqla qarşılandı.
   
   Reyhan İsayeva,
   Lalə Azəri