Bakı Beynəlxalq Caz Festivalında maraqlı proqramla çıxış edən kollektivlərdən biri də “Aleksandr Maşin və onun dostları” qrupu oldu. Zərb alətlərində ifa edən Aleksandr Maşin bir neçə beynəlxalq festivalda uğur qazanıb. Eyni zamanda o, həm də tanınmış musiqiçilərin kvintetlərində iştirak edir. Sənətçi bir neçə dəfə Azərbaycan musiqiçiləri ilə də bir araya gəlib, Vaqif Sadıqov, Şahin Növrəsli, İsfar Sarabski, Natiq Şirinov, Ruslan Hüseynovla eyni səhnəni bölüşüb.
   Bizimlə söhbətində yaradıcılıq fəaliyyəti haqqında məlumat verən caz ifaçısı 1991-ci il "Kvadrat" caz-klubuna gedərək Peterburq caz musiqiçiləri ilə tanış olduğunu bildirdi: “1993-cü ildə "Payız ritmləri" festivalında çıxışından sonra Nikolay Popravkonun kvintetinə dəvət aldım. Həmin vaxt Dmitri Mayevskonun ansamblında ifa etdim. Bu iki ansambl mənim üçün ilk ciddi musiqi təcrübəsi oldu”.
   Musiqiçi son 10 ildə Bakıda 40 dəfə olduğunu, bir sıra yerli caz ifaçıları ilə çıxış etdiyini də dilə gətirdi: «Mən bu gün aramızda olmayan Emil İbrahimlə də yaxın dost olmuşam. Bakı Caz Mərkəzində verdiyim konsert proqramını da onun xatirəsinə həsr etmişəm. Bakını doğma şəhərim hesab edirəm. İnsanların qonaqpərvərliyi məni heyran edir. 

   M.Sultanova