Cahangir Cahangirov - 90
Cahangir Cahangirov. Bu böyük bəstəkarın, alicənab və təvazökar insanın adını onun yaradıcılığına bələd olan, onun musiqisini sevən hər bir şəxs xüsusi ehtiramla yad edir. Bu əbədi sevgini yaşadan onun özünəməxsus lirikliyi, zəngin milli çalarları, orijinal bədii obrazları ilə fərqlənən musiqisidir.
Cahangir Cahangirov hələ gənc yaşlarından tanınmağa başlamış, keçmiş Sovetlər məkanında ən yüksək mükafat olan SSRİ Dövlət mükafatına (1950) layiq görülmüşdü. Sonralar Azərbaycanın Əməkdar incəsənət xadimi (1958), Xalq artisti (1964) fəxri adlarını, professor (1978) elmi dərəcəsini qazanan bəstəkar, eyni zamanda təcrübəli pedaqoq, xor musiqisinin dərin bilicisi kimi musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutmuşdur.
1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində fəhlə ailəsində anadan olan Cahangir Şirgəşt oğlu Cahangirov musiqi sənətinə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə gəlmişdir. Hələ Teatr Texnikumunda təhsil alarkən musiqiyə böyük həvəs göstərmiş və ilk əsərlərini yazmağa başlamışdır. Onun parlaq istedadını aşkar edən Üzeyir bəyin məsləhəti ilə paralel olaraq Bakı Musiqi Texnikumunda təhsil almağa başlamış, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Konservatoriyada oxuduğu illərdə (1941-1951) Üzeyir bəydən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmiş, professor Boris Zeydmanın sinfində bəstəkarlıq sənətinin sirlərinə yiyələnmişdir.
C.Cahangirovun hələ tələbəlik dövründə, 1949-cu ildə yazdığı “Arazın o tayında” vokal-simfonik poeması musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdi. Gənc bəstəkar məhz bu əsərə görə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Sonralar bu poema Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda və Leninqradda ifa olunmuş, onun lent yazısı Ümumittifaq radiosunun qızıl fonduna daxil edilmişdir.
Bəstəkarın 50 ildən artıq bir dövrdə müxtəlif janrlarda yaratdığı parlaq əsərləri - o cümlədən, “Azad” və “Xanəndənin taleyi” operaları, “Təzə gəlin” və “Cancur Səməd” operettaları, “Füzuli”, “Nəsimi” və “Aşıq Alı” kantataları, “Sabir”, “Hüseyn Cavid” oratoriyaları, violin ilə orkestr üçün, tar ilə orkestr üçün, xor üçün konsertləri, süitaları, qəzəl-romansları, lirik mahnıları, kino musiqisi milli musiqi mədəniyyəti xəzinəmizin dəyərli səhifələrini təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda violin ilə orkestr üçün və xor üçün ilk konsert əsərini C.Cahangirov yazmışdır.
Musiqi ilə poeziyanın vəhdəti bəstəkarın vokal yaradıcılığının əsas qayəsini təşkil edir. O, Ü.Hacıbəylinin ənənələrini davam və inkişaf etdirərək bir sıra qəzəl-romanslar yaratmışdır. Bu qəbildən onun Nizaminin sözlərinə yazdığı “Gül camalın” romansı və xor üçün “Qəzəl”, Nəsiminin sözlərinə bəstələdiyi “Ənəlhəq”, Füzulinin (“Eşitməzdim”), Xəqaninin (“Nazənin”) sözlərinə yazdığı qəzəl-romanslar milli vokal musiqimizin inciləri hesab edilir.
C.Cahangirov musiqi xadimi kimi geniş fəaliyyət göstərmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, “Xor musiqisi” bölməsinin rəhbəri olmuşdur. Bəstəkar həmçinin müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının, Filarmoniyanın Mahnı və Rəqs Ansamblının, Dövlət Televiziya və Radiosu Xorunun bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmışdır.
Bəstəkarın həyat və yaradıcılığının mühüm sahələrindən biri də onun pedaqoji fəaliyyəti olmuşdur. 1954-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) “Xor dirijorluğu” kafedrasına rəhbərlik etmiş, peşəkar xormeysterlərin yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Bu günlərdə görkəmli bəstəkarın anadan olmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Dövlət Muğam Teatrının təşəbbüsü ilə keçirilən yubiley tədbirlərində (6, 7, 11 oktyabr) milli musiqi mədəniyyətimizdə silinməz iz qoymuş ölməz bəstəkarın əsərləri bir daha səslənərək qəlbləri oxşadı.
C.Cahangirov gözəl lirik mahnılar müəllifi kimi şöhrət qazanmışdır. Bəstəkarın “Ana”, “Aylı gecələr”, “Qarabağ”, “Durnalar”, “Zəriflik”, “Ay qız” və başqa mahnıları dillərdə əzbər olmuşdur. Onun mahnıları məşhur müğənnilərin - R.Behbudovun, Ş.Ələkbərovanın, G.Məmmədovun, İ.Rzayevin və başqalarının repertuarını bəzəmişdir. Bəstəkarın “Yenilməz batalyon”, “Dəli Kür”, “Koroğlu”, “Dağlarda döyüş” və başqa kinofilmlərə yazdığı musiqilər sonradan müstəqil mahnılar kimi konsert salonlarında ifa edilmiş, geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır.
Bəstəkarın mahnıları hazırda gənc ifaçılar tərəfindən də sevilə-sevilə oxunur. Yubiley tədbirləri sırasında ilk konsertin də məhz onun mahnılarına həsr olunması təsadüfi deyildi. Beynəlxalq Muğam Mərkəzində keçirilən mahnı gecəsində C.Cahangirov musiqisinin pərəstişkarları bir daha bu mahnıların sehrinə daldılar. Yubiley konsertlərini giriş sözü ilə açan musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova Cahangir Cahangirovun yaradıcılığının milli musiqi mədəniyyətimizdə bədii-tarixi əhəmiyyətindən bəhs etdi. Dövlət Muğam Teatrının ansamblının (bədii rəhbər - Əməkdar artist Ağacəbrayıl Abasəliyev) müşayiəti ilə təqdim olunan mahnılar Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Zöhrə Abdullayeva, Almaz Ələsgərli, Zakir Əliyev, Zeynəb Behbudova, Teyyub Aslanov, gənc xanəndələr Ehtiram Hüseynov, Arzu Əliyeva və başqaları tərəfindən böyük şövqlə ifa edildi.
Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor - Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor - Xalq artisti Gülbacı İmanova), F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor - Xalq artisti, professor Ağaverdi Paşayev) və solistlərin (xalq artistləri A. Bayramova, Z. Nəbizadə, Əməkdar artist S.İmanova, müğənnilər A.Orucova, N.Əzizbəyli, E.Hüseynov və s.) iştirakı ilə keçirilmiş yubiley konsertinin proqramına bəstəkarın əsasən xor və orkestr əsərləri daxil edilmişdi.
Ümumiyyətlə, C.Cahangirovun yaradıcılığında xor musiqisi xüsusi yer tutur. Hələ 1944-cü ildə o, Dövlət Filarmoniyasının nəzdində Mahnı və Rəqs Ansamblının xor qrupuna rəhbərlik edərək bir sıra xalq mahnılarını xor üçün işləmişdi. Bu zəngin təcrübə sonralar bəstəkarın xor və səhnə üçün yazılmış çoxsaylı əsərlərində öz parlaq əksini tapmışdır. Onun xüsusilə dahi şair Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibətilə yazılmış metso-soprano, xor və simfonik orkestr üçün “Füzuli” kantatası Azərbaycanın xor musiqisi sahəsində qazanılmış ən yüksək nailiyyətlərindən biri sayılır. Kantatanın solo partiyası görkəmli müğənnimiz Şövkət Ələkbərovanın ifasında musiqisevərlərin yaddaşına həkk olunmuşdur. Yubiley konsertində isə bu əsərin solo partiyasını Xalq artisti Aygün Bayramova məharətlə ifa etdi. Konsertin birinci hissəsində həmçinin bəstəkarın simfonik orkestr üçün “Təntənəli yürüş”, “Xoreoqrafik süita”, xor üçün “Qəzəl”, “Azad” operasından “Çahargah” xoru ifa edildi. Onu da qeyd edək ki, “Çahargah” xoru muğamın xor üçün işlənməsinin ilk klassik nümunəsi hesab edilir.
Konsertin ikinci hissəsində bəstəkarın mahnıları və rəngarəng rəqs kompozisiyaları Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və solistlərin ifasında təqdim edildi.
Yubiley tədbirlərinin üçüncü günü Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda elmi konfrans keçirildi. Konfransı Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq böyük bəstəkarın yaradıcılığından danışdı, onu “lirik melodiyalar klassiki” adlandırdı. Elmi konfransda bəstəkarın yaradıcılığını müxtəlif aspektlərdən işıqlandıran məruzələr, o cümlədən sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyevanın “C.Cahangirovun yaradıcılığında novatorluq”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülarə Vəzirovanın “C.Cahangirovun yaradıcılığına bir nəzər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədovanın “C.Cahangirovun yaradıcılığı Azərbaycan xor mədəniyyəti kontekstində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ceyran Mahmudovanın “C.Cahangirovun mahnılarının bəzi poetik xüsusiyyətləri haqqında” məruzələri dinlənildi. Tanınmış müğənni Yaqub Zurufçunun ifasında səslənən “Ana” mahnısı konfrans iştirakçılarını çox təsirləndirdi.
Elmi konfransda həmçinin təkliflər irəli sürüldü. C.Cahangirovun vaxtilə tamaşaya qoyulmuş, geniş rəğbət qazanmış opera və operettaları artıq uzun müddətdir ki, repertuardan çıxarılmışdır. Hesab edirik ki, bu əsərlərin yenidən tamaşaya qoyulması həm bəstəkarın xatirəsinin yad edilməsi, həm də gənc nəslin maariflənməsi baxımından çox vacibdir. İnanırıq ki, Azərbaycan bəstəkarlıq məktəbinin parlaq simalarından biri, gözəl bəstəkar, şair qəlbli insan olan Cahangir Cahangirovun bənzərsiz musiqisi daima səslənəcək, qəlbləri fəth edəcək.
Sevda Hüseynova,
musiqişünas, Bəstəkarlar İttifaqının baş məsləhətçisi