Böyük Britaniyanın paytaxtındakı məşhur Müqəddəs Ceyms Məbədində gənc azərbaycanlı skripkaçı, hazırda Londonda yaşayan Nəzrin Rəşidova və bolqar gitaraçısı Stanislav Hvarçilkovun konserti olub. Konsertdə Bax, Motsart və Pyassolanın əsərləri səslənib. Musiqiçilərin ifası hərarətlə qarşılanıb.
   
   Dinləyicilər arasında ingilis musiqisevərləri ilə yanaşı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, Avropa-Azərbaycan Cəmiyyətinin, Londondakı Azərbaycan Evinin nümayəndələri də olub. Nəzrin Rəşidova Bakıda musiqiçi ailəsində doğulub. Dörd yaşından musiqi ilə məşğul olan Nəzrin ilk uğurunu 1991-ci ildə Heydər Əliyev Sarayında keçirilmiş “Qızıl payız” festivalındakı çıxışı ilə bağlayır. Sonralar bu uğur Misir, Fransa, Almaniya, Yaponiya, Polşa, ABŞ və Britaniyada davam edib. Gənc musiqiçi Kral Musiqi Akademiyasını bitirib, bir çox mötəbər musiqi festivallarının və müsabiqələrinin qalibi olub. 2008-ci ildə Britaniyada “FeMusa” simli orkestrini yaradıb. Kollektivə Azərbaycanla yanaşı, Britaniya, Bolqarıstan, Yunanıstan, İtaliya, Qazaxıstan və digər ölkələrin nümayəndələri də daxildirlər.