Həyatda çox az tanınan, ancaq musiqi mədəniyyəti tariximizdə böyük hörmətlə yad edilən sənətkarlarımızdan biri də xanəndə Səttardır. O, musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərib. Ancaq mənbələrdə bu böyük sənətkarın təvəllüdü və vəfatı barədə səhih məlumat yoxdur.
   
   Bəzi araşdırmalarda ehtimal olunur ki, o, XIX əsrin 20-ci illərində Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə maraq göstərib. Azərbaycan və İran mahnılarını gözəl avazla oxuyub. 20-25 yaşlarında xanəndə kimi təkcə Ərdəbildə deyil, bütün Azərbaycanda və İranda tanınır. Xalq hər yerdə onu hörmət və məhəbbətlə qarşılayır. Ərdəbil ruhanilərinin isə onu görməyə gözləri olmur. Bu səbəbdən o, Təbrizə köçür, şəhər məclislərinin yar-yaraşığı olur.
   Nəhayət, onun xanəndəlik məharətinin sorağı Tehrana - şah sarayına çatır. Bir neçə il Məhəmməd Mirzə şahın sarayında xanəndəlik edir.
   1844-cü ildə Naxçıvana gəlir. Bu xəbər tez bir zamanda şəhərə yayılır. Onun şərəfinə hər yerdə böyük məclislər qurulur. Səttar Naxçıvan məclislərinin birində məşhur gürcü şairi Nikolaz Barataşvili (1816-1845) ilə tanış olur. Barataşvili Azərbaycan musiqisini dərindən sevən və onu yüksək qiymətləndirən şəxs olub. O, rəfiqəsi Maiko Orbelianiyə məktubunda Səttar adlı xanəndə ilə dost olduğunu yazır. Onun son dərəcə gözəl səsə malik olduğunu qeyd edir.
   O, Naxçıvanda xeyli yaşayır. Ancaq Tiflisin musiqi həyatı Səttarın diqqətini cəlb edir və bir müddətdən sonra İrəvana, oradan da (1845) Tiflisə gəlir. Çox keçmir Səttarın şöhrəti bütün şəhərə yayılır. Hamı onun məlahətli səsini eşitməyə can atır. Səttar milli musiqimizi Qafqaz xalqları arasında yüksəkliyə qaldırır. Azərbaycan, rus, erməni, gürcü məclislərində çıxışlar edir. Hətta Tiflisdə yaşayan rus və italyan musiqiçiləri Səttarı öz konsert-tamaşalarına dəvət edirlər. 1847-ci il fevralın 23-də məşhur italyan skripkaçısı, Tiflis teatr orkestrinin dirijoru Malaqolli öz konsertinə Səttarı da dəvət edir. Konsertdə muğam oxuyan Səttar böyük müvəffəqiyyət qazanır. Bu barədə Tiflisdə çıxan “Qafqaz” qəzetində maraqlı məqalələr dərc edilir. L.F.Yapşevski soyadlı bir musiqişünas yazıb: “Konsertin sonunda cənab Malaqolli tərəfindən dəvət olunan müğənni Səttar bəy öz dəstəsinin müşayiəti ilə oxudu. Biz avropalılarda, bu musiqi böyük maraq oyatdı. Gələcəkdə mən bu musiqi haqqında ətraflı danışacağam...”
   Bir çox tarixi məxəzlərdən məlum olub ki, Səttar Tiflisin musiqi həyatında görkəmli rol oynayıb. Hətta Tiflisdə verilən beynəlmiləl konsertlərdə də iştirak edib və şöhrət qazanıb. Bu konsertlərdən biri 1853-cü ilin aprelin 7-də olur. Həmin konsertdə Səttar məşhur skripkaçı Miller ilə çıxış edir.
   Səttarın repertuarı olduqca rəngarəng olub. O, “Zəminxarə”, “Dəşti”, “Rahab”, “Şüştər”, “Bayatı-İsfahan”, “Rast”, “Çahargah” kimi çətin və mürəkkəb muğamları böyük ustalıqla ifa edib. Çox vaxt Azərbaycan nəğmələrini oxuyarkən sözlərini rus, ləzgi və gürcü dillərində deyib. Tiflisdə yaşadığı illərdə o nəinki xalq şənliklərinə, hətta Qafqaz canişininin iqamətgahında verilən rəsmi ziyafətlərə də dəvət olunub. Səttarın Qafqaz və yaxın Şərq xalqları tərəfindən sevildiyini və böyük hörmətlə qarşılandığını nəzərə alan İran, Türkiyə və Rusiya hökumətləri onu orden və medallarla təltif edib.
   O, məşhur musiqişünas Mahmud ağa ilə də dostluq edib. Bir gün onun məclisində görkəmli şair Seyid Əzim Şirvani ilə tanış olur. Səttarı dinləyən şair öz müxəmməslərinin birində onu tərif edib.
   Göründüyü kimi, onun xanəndəlik məharəti dövrünün bir çox mədəniyyət xadimlərini məftun edib. Məşhur fransız yazıçısı Jül Vern “Arxipelaq alovlanır” əsərində Səttarın səsinə yüksək qiymət verərək yazır: “...Mən şəhəri gəzə-gəzə irəliləyirdim. - Cənab, - deyə çəlimsiz bir nəfər mənə müraciət etdi və o, mənim fikrimcə, çox adi görünən qonşu bir binanı mənə göstərir:
   - Siz əcnəbisiniz?
   - Şübhəsiz.
   - Elə isə bir dəqiqə ayaq saxlayın və bu evə yaxşı tamaşa edin.
   - Axı bu evdə tamaşa ediləsi nə var ki?
   - Necə nə var, məşhur xanəndə Səttar bu evdə yaşamışdır, bu həmin adamdır ki, sinədən gələn zil səslə oxuyardı... Həm də oxuyanda ona nə qədər pul verərdilər!..”
   Tanınmış rus hərbçisi, general M.L.Olşevski də “Tiflis gündəliyi”ndə Səttardan bəhs edib. Onun bütün Gürcüstanı heyran qoyan məşhur müğənni olduğunu göstərib. Onu da qeyd edək ki, böyük xanəndənin obrazı “Səbuhi”(1941) bədii filmində də yer alıb.
   
   Savalan Fərəcov