Noyabrın 24-də Niyazinin mənzil muzeyində görkəmli fransız bəstəkarı və dirijoru Loran Pötijirarla görüş keçirilib. Mədəniyyət və incəsənət xadimlərinin, bəstəkarların iştirak etdiyi tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova fransalı qonaq haqqında ətraflı məlumat verib.
O, bildirib ki, Fransanın tanınmış bəstəkarı və dirijoru Loran Pötijirar 20-dən çox simfonik əsərin, 160 filmə yazılmış musiqinin müəllifidir, dünyanın məşhur orkestrləri ilə çıxış edir. Dirijor bu ilin may ayında Parisdə Əməkdar artist Murad Hüseynovla birgə konsertdə çıxış edib.
Loran Pötijirar Fransa bəstəkarlıq məktəbi, onun xüsusiyyətləri, bəstəkarlıq sənəti, konsertlərdə müasir bəstəkar əsərlərinin ifası haqqında danışıb. Bildirib ki, onun yaradıcılığında əsas yeri bəstəkarlıq, ikinci yeri isə dirijorluq sənəti tutur. Tədbirdə Loran Pötijirarın “Məbədin 12 gözətçisi”, “Guru” və digər əsərlərindən parçalar səsləndirilib.
Qeyd edək ki, noyabrın 25-də fransalı bəstəkarın Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti olacaq.