Tanınmış bəstəkar, Xalq artisti, professor Sevda İbrahimova musiqi sənətimizdə özünəməxsus yeri olan, zəngin yaradıcılığı ilə incəsənətimizə mühüm töhfələr vermiş sənətkarlardandır. Hər bir insanın formalaşmasında onun yaşadığı, böyüdüyü mühitin böyük rolu var.
   
   Sevda xanım da dünyaya göz açandan belə sənət aləmi, yaradıcı mühitlə təmasda olub. Babası - məşhur tarzən Qurban Pirimov, anası - Azərbaycanın ilk pianoçu qadınlarından olan Sara xanım, nəhayət, atası - Xalq yazıçısı Mirzə İbrahimov ocağı və bu ziyalı atmosfer Sevda İbrahimova yaradıcılığına, onun şəxsiyyət kimi formalaşmasına təsir etməyə bilməzdi.
   Bəstəkar mükəmməl akademik təhsil alıb. İstedadlar ocağı olan Bülbül adına məktəb (o vaxtlar bu məktəb Azərbaycan Dövlət Konservatoriyasının nəzdində 11 illik musiqi məktəbi adlanırdı), daha sonra Dövlət Konservatoriyası. Burada görkəmli müəllimlərdən dərs almışdı. Sevda xanım konservatoriyanı iki ixtisas üzrə bitirib: fortepiano və bəstəkarlıq. Zəmanəmizin dahi bəstəkarı Qara Qarayevdən bəstəkarlıq dərsləri alıb, Azərbaycan fortepiano məktəbinin yaranmasında əvəzsiz rolu olan Mayor Brennerin fortepiano sinfini əla qiymətlərlə bitirib.
   Sevda İbrahimovanın yaradıcılığı çoxşaxəlidir. O, demək olar ki, musiqinin bütün janrlarına müraciət edib, operadan uşaq pyeslərinə qədər ən müxtəlif əsərlər yazıb.
   Noyabrın 11-12-də Sevda İbrahimovanın əsərlərindən ibarət konsert proqramları da bunu bir daha təsdiq etdi.
   Bəstəkarlar İttifaqında təşkil olunan ilk konsert Sevda İbrahimovanın uşaq musiqisinə həsr olunmuşdu. «Uşaqlara məhəbbətlə» adlı konserti dinlədikcə bəstəkarın işıqlı, ülvi uşaq dünyasına aludə olursan. Proqramda Nəbi Xəzrinin sözlərinə yazılmış “Nənəm nağıl danışır», Nəriman Həsənzadənin şeirinə yazılmış «Heç nə istəmirəm», Mirzə İbrahimovun sözlərinə qələmə alınmış «Vətənin hüsnü» uşaq mahnılarından tutmuş «Nənəmin nəğməli nağılları» uşaq operasından parçalara qədər gözəl musiqi nömrələri səsləndi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində orta ixtisas musiqi məktəb-studiyasının, Azərbaycan Milli Konservatoriyasının nəzdində orta ixtisas incəsənət gimnaziyasının şagirdlərinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirmələri, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabəy İsmayılovun ifaları musiqisevərlərə yaddaqalan anlar bəxş etdi.
   Sevda İbrahimovanın yaradıcılığında son dövrlərdə Qarabağ mövzusu qırmızı xətlə keçir. Bəstəkar Qarabağla bağlı ürəyinin acısını, ağrısını bu mövzuya həsr olunmuş əsərlərində əks etdirib. Bu əsərlər arasında «Sənin üçün darıxmışam, Şuşam», tar və simfonik orkestr üçün yazılan «Qarabağnamə» konserti də var. Bəstəkarın hesabat konsertində hər iki əsər səsləndi. Birinci əsəri gənc tarzən Atabəy İsmayılov böyük məharətlə ifa etdi, “Qarabağnamə”ni isə Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşən 12 noyabr konsertində görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin ifasında dinlədik. Gənc dirijor Eyyub Quliyevin rəhbərliyi ilə səslənən bu əsəri Ramiz Quliyev hər zamankı kimi mahir sənətkar yorumu ilə dinləyiciyə çatdıra bildi.
   Əlbəttə, pianoçu-bəstəkarın yaradıcılığında fortepiano musiqisi xüsusi yerlərdən birini tutur. Onun fortepiano silsiləsi olan «Əhval-ruhiyyələr» pianoçuların repertuarında dünyanın bir çox ölkələrində səslənib. «Uşaqlara məhəbbətlə» konsertində bu əsərdən parçaları gənc ifaçı Vurğun Vəkilov məharətlə ifa etdi. Həmin konsertdə Sevda xanımın «Uşaq lövhələri» fortepiano silsiləsindən pyeslər tanınmış pianoçu, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbıyəyovanın ifasında təqdim olundu.
   Bəstəkarın fortepiano musiqisindən danışarkən onun fortepiano üçün yazdığı 4 konsertini xüsusilə qeyd etmək lazımdır. Bu əsərlərin ilk ifaçısı Əməkdar artist Murad Adıgözəlzadə olub. O, filarmoniyadakı konsertdə Sevda xanımın «Fortepiano üçün konsertino» və 4-cü fortepiano konsertini təqdim etdi. Öz dəst-xətti olan mahir pianoçu hər iki əsəri yüksək professionallıqla ifa etdi.
   4-cü konsert Sevda xanımın həyat yoldaşı Arif Həsənova həsr olunub. Çox nadir halda olur ki, yaradıcılığında böyük nailiyyət qazanmış qadınlar ailədə də xoşbəxt, dolu-dolğun ömür yaşasınlar. Sevda İbrahimova sənətində böyük uğurlar qazandığı kimi, ailəsində də gözəl ana, xoşbəxt ömür-gün yoldaşı olub. Onun vəfalı sirdaşı, yaradıcılıq uğurlarına həmişə ilk sevinən Arif müəllimin xatirəsinə həsr olunan bu əsər dərin fəlsəfi mənaya malikdir. Konsertin sonunda müğənninin «Allahu-əkbər» kəlamları ilə bitən sonluğu kamil bir sənətkarın dünyaya, həyata baxışlarını əks etdirir.
   Az bəstəkar tapılar ki, əsərləri dünyanın bir çox yerlərində səslənsin. Sevda xanımın əsərləri Fransada, Amerikada, Bolqarıstanda, Almaniyada və s. ölkələrdə səslənib. Mən onun skripka və kamera orkestri üçün bəstələdiyi «Dünya bir pəncərədir» əsərinin müvəffəqiyyətinin xaricdə canlı şahidi olmuşam. Bu əsəri bəstəkar Xalq artisti, skripkaçı Zəhra Quliyevaya həsr edib. Zəhra xanım ilk dəfə əsəri Amerikada dirijor Rikardo Averbaxın rəhbərliyi ilə ifa edib. Əsər amerikalı dirijorun o qədər xoşuna gəlib ki, onu özünün daimi repertuarına salıb.
   Bundan sonra amerikalı dirijor və Zəhra xanım Bolqarıstanda beynəlxalq musiqi festivalında iştirak etdilər. O konsertə mən də qatıldım. Jüri üzvlərinin konsertində Rikardo Averbax məhz bu əsəri ifa etmək istədiyini bildirdi. Əsər bitdikdən sonra bolqar musiqiçiləri, digər ölkələrdən gəlmiş müsabiqə iştirakçıları azərbaycanlı bəstəkarla maraqlanır, əsərin notlarını istəyirdilər. Amerikalı dirijor da bu Sevda xanımla maraqlanır, onunla tanış olmaq istəyirdi.
   Tale elə gətirdi ki, Rikardo Averbax Bakıya qastrola gəldi, Filarmoniyadakı konsertində «Dünya bir pəncərədir» əsərini təqdim etdi və Sevda İbrahimova ilə tanış oldu. Budəfəki konsertdə də Zəhra Quliyeva Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə «Dünya bir pəncərədir» əsərini hər zamanki kimi yüksək professionallıqla ifa etdi. Həmin konsertdə iştirak edən vokalçıların ifasını da xüsusilə qeyd etmək lazımdır. Anar Şuşalı, Gülnaz İsmayılovanın ifa etdiyi «Qurbansız qalan tarım» əsərində kamera orkestri ilə birlikdə tarzən Vüsal İsgəndərzadənin ifası çox yaddaqalan oldu. Sevda İbrahimovanın «Həqiqət üzüyü» operasından ariyaları solistlərdən Gülnaz İsmayılova, Fərid Əliyev və Əkrəm Poladov səsləndirdilər.
   Ümumiyyətlə həmin gecə bütün ifaçılar, solistlər Sevda İbrahimovanın əsərlərini sevə-sevə isəsləndirir və səhnəyə çıxan Sevda xanım hər kəsə öz minnətdarlığını bildirdi.
   Bəstəkar silsilə konsertlərlə yaradıcılığının bir hissəsinin hesabatını verdi. Onunla yeni yaradıcılıq hesabatlarında, konsert proqramlarında görüşmək arzusu ilə
   
   Həcər Babayeva,
   Əməkdar incəsənət xadimi, musiqişünas.