Dekabrın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük salonunda təhsil ocağının eksperimental elmi-metodik laboratoriyasının - orta ixtisas musiqi məktəb-studiyanın şagirdlərinin konserti olacaq.
Məktəb-studiyanın bədii rəhbəri və direktoru, professor Tərlan Seyidovun bildirdiyinə görə, konsert musiqi akademiyasının 90 illik yubileyinə həsr olunub. Konsertdə II-X siniflərin şagirdləri, beynəlxalq və respublika müsabiqələrinin laureatları və diplomantları, o cümlədən bu yaxınlarda Bolqarıstanda və Azərbaycanda keçirilmiş beynəlxalq müsabiqələrin birinci mükafatlarının laureatları Murad Abbasov, Vüsalə Babayeva (fortepiano) və Ənvər Kərimov (truba) çıxış edəcəklər. Proqrama Azərbaycan, Türkiyə, Qərbi Avropa və Rusiya bəstəkarlarının orqan, fortepiano, simli və nəfəs alətləri üçün yazdıqları əsərlər daxil edilib.