Heydər Əliyev Sarayında musiqi layihəsinin növbəti konserti olub
   
   Yanvarın 11-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun birgə hazırladıqları “Gəncləşən muğam - 3” layihəsi əsasında gənc muğam ifaçılarının möhtəşəm konsert proqramı təqdim edilib. Tədbirdə elm, mədəniyyət və ictimaiyyət xadimləri, muğamsevərlər iştirak ediblər.
   
   Konsertin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi və Xalq artisti, professor Arif Babayev Azərbaycan muğamının gəncləşməsində, intibah dövrü yaşamasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri barədə danışıb, gənclərə uğurlar arzulayıblar.
   Muğam ustası Mənsum İbrahimov çıxışında bildirib ki, layihəni həyata keçirmək üçün iki aya yaxın məşqlər aparılıb. Yaradılan şəraitə görə Heydər Əliyev Sarayının, Azərbaycan Milli Konservatoriyasının, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən Mənsum İbrahimov deyib ki, bundan əvvəlki iki layihədə ancaq onun tələbələri iştirak etmişdilər. Bu layihədə isə indiyədək keçirilmiş muğam müsabiqəsinin qalibləri çıxış edir: “Məqsədimiz bu sənətə təzə gələn gənclərə kömək etməkdir”.
   Sonra gənc muğam ifaçısı Aytən Məhərrəmovanın ifası ilə konsert başlayıb. Konsert proqramında musiqisevərlərin yaxşı tanıdığı 30 gənc muğam ifaçısı çıxış edib.
   Xalq və bəstəkar mahnıları, o cümlədən muğam parçaları dinlənilib. Gənclərin bir-birindən gözəl ifalarını tamaşaçılar hərarətlə qarşılayıblar. İfaçıları gənclərdən ibarət 15 muğam üçlüyü müşayiət edib.