Musiqi tariximizdən
   
   Klassik musiqimizin görkəmli ifaçıları arasında özünəməxsus yeri olan sənətkarlardan biti də tarzən Salyanlı Şirindir. Onun adı Azərbaycan milli musiqisinin yorulmaz təbliğatçısı Məşədi Zeynal və Qurban Pirimovun adları ilə yanaşı çəkilib...
   
   Şirin Məşədi Hüseyn oğlu Axundov 1878-ci ildə Salyanda anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərib. Yeddi yaşında qarmon, on üç yaşında saz, on beş-on altı yaşlarında isə tar çalmağı öyrənib. Atası Məşədi Hüseyn qatı mömin olub. Şirinin musiqiyə meyil etməsi onun xoşuna gəlmir. Bu da evdə getdikcə narazılığa səbəb olur. Hətta bir gün bərk qəzəblənən Məşədi Hüseyn Şirinin əlindən tarını alır “Şeytan əməlidir”, - deyə ağaca çırpıb sındırır. Deyilənə görə, ata ilə oğul arasında inciklik baş verdiyi gün görkəmli xanəndə Cabbar Qaryağdıoğlu öz dəstəsi ilə Salyana toy məclisinə gəlir. Məcliş başa çatdıqdan sonra şəhərin musiqi həvəskarları Cabbardan xahiş edirlər ki, Şirinin tar çalmasına qulaq assın. O, musiqi həvəskarlarının xahişini eşidir və Şirinin tar çalmasına razılıq verir. Şirinin məharətli ifası sənətkara xoş gəlir. Şirinə Bakıya gəlib, orada tarzənlik sənətini davam etdirməyi məsləhət görür.
   Görkəmli sənətkarın məsləhəti gənc tarzəni sənətə həvəsini birə-beş artırır. Anası Zərəfşan xanımla Bakıya gəlir. Arayıb-axtarıb Cabbar Qaryağdıoğlunu tapırlar. Həmin vaxt Cabbar Bakı kəndlərindən birində toy məclisində olur. O, elə həmin günü gənc tarzəni öz dəstəsinə qoşur. Şirin məclislərdə Cabbarın gözəl, həm də yanıqlı guşələrinə diqqət yetirir. Evə dönərkən həmin guşələri tarda təkrar-təkrar ifa edir...
   Gənc tarzən 1901-1902-ci illərdə Bakı kəndlərində məclislərdə iştirak edir, bakılı xanəndələrdən Məşədi Məmməd və Əli Sahibi tarda müşayiət edir. Məclislərin birində Məşədi Hüseynqulu adlı bir tacirlə tanış olur. Onun vasitəsilə Hacı Zeynalabdin Tağıyevin “Güzgülü zal”ında qurulan məclislərə gedir. 1903-cü ildə məşhur xanəndə Şəkili Ələsgərlə tanış olur, onunla dostluğu uzun illər davam edir. O zaman onların musiqi dəstəsi Bakıda Cabbar Qaryağdıoğlunun dəstəsindən sonra ikinci tanınmış dəstə olur. Ələsgərin məlahətli səsi, Şirinin şirin təranəli barmaqları dinləyiciləri vəcdə gətirir... Onu da qeyd edək ki, Şirin müxtəlif vaxtlarda Seyid Mirbabayevi, İslam Abdullayevi, Cabbar Qaryağdıoğlunu, Bülbülü və son illərdə isə Seyid Şuşinskini tarda müşayiət edib.
   Salyanlı Şirinin də milli teatrımızın inkişafında müəyyən xidmətləri olub. 1905-ci ilin dekabr ayında Bakıda M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri tamaşaya qoyularkən Şirin və xanəndə Ələsgər həmin tamaşanı musiqi ilə müşayiət ediblər. Şirin uzun illər H.Z.Tağıyevin teatr binasında verilən teatr tamaşalarının fasilələrində tar çalır. Bir çox hallarda isə teatrın musiqiçilər orkestrinə rəhbərlik edir. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasında (12 yanvar 1908-ci il) orkestrin tərkibində əsas tarçalanlardan biri məhz Salyanlı Şirin olur.
   1914-cü ildə Macarıstanın “Premer-Rekord” firması Qafqaz musiqiçilərindən bir qrupunu Bakıya dəvət edir. Onların çalıb-oxumaqlarını qrammofon vallarına yazır. Firma Şirin Axundovun ifasında “Çahargah”, “Mirzə Hüseyn Segahı”, “Hasar” və “Müxalif” muğamlarını qrammofon valına yazır.
   Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk günlərdən Şirin xalq musiqisi sahəsində səmərəli fəaliyyət göstərir. 1920-1921-ci illərdə Bakıda Şərq konservatoriyasında tar müəllimi kimi çalışır. Təbliğat qatarı ilə Azərbaycanın bir sıra şəhər və qəsəbələrini gəzərək zəhmətkeşlər qarşısında çıxışlar edir. 1923-1926-cı illərdə fəhlə klublarında tar dərnəyi açır. Öz təcrübəsini həvəskar fəhlə-gənclərə öyrədir. Səhhətinin ağır olmasına baxmayaraq, musiqidən bir an belə ayrılmır...
   Salyanlı Şirin Azərbaycan musiqisinə can-başla 30 il xidmət edib. İstedadlı sənətkar həyatdan erkən gedib, 1927-ci ildə, 49 yaşında vəfat edib.
   
   Savalan Fərəcov