Ötən illərin mahnıları
   
   
   Və ya Heydərbabaya həsrət nəğməsi
 
  
   Bu qaraqaş, qaragöz xanımın səsinə çoxları məftun idi. Amma nədənsə hər dinləyici onun səsini bir cür dəyərləndirirdi: zərif səs, qərib səs, hüznlü səs. Əslində bu adlar Rübabə Muradovanın iç dünyasını göstərirdi. Çünki onun qəlbi də səsi kimi zərif, qərib və hüznlü idi. Elə ona görə də məlahətli səsindəki nisgil heç zaman onu tərk etmədi. İstər yaşlı, istərsə də gənc nəsil bu qaragözlü ərdəbilli xanımın yanğılı ifasını hər zaman sevə-sevə dinləyir, izləyir.
   
   Rübabə xanım Azərbaycan səhnəsinin yeganə Leylisi idi ki, heç kimi təkrarlamadı. Amma onun kimi Leyli yaratmaq da heç kimə nəsib olmadı. Bu nə ilə əlaqədar idi? Bəlkə də gerçək həyatın sevgi nisgili, ayrılıq, həsrət dərdi ilə...
   
   Boyuna biçilmiş «Qaragilə»
   
   Bu xalq mahnısı Rübabə xanımın repertuarında xüsusi yer tuturdu. Mahnının naməlum müəllifi elə bil bu xanımın üz cizgilərini, həyatındakı keşməkeşləri nəzərə alaraq yaratmışdı bu əsəri. Ünvanı Arazın o tayına gedib çıxan bu mahnını xalqa sevdirən də elə Rübabə xanım oldu. Təsadüfi deyil ki, «Qaragilə»ni şirin Cənubi Azərbaycan şivəsində oxuması böyük qısqanclıq və etirazlara səbəb olur. Hətta bununla bağlı sənətkara efir qadağaları da tətbiq olunur. Bu etirazlardan sonra sənətkar ifasında dəyişiklik etmək məcburiyyətində qalır. Amma bütün bunlara baxmayaraq, «Qaragilə» onun ifasında Təbriz, cənub nisgillilərin harayına, çağırışına çevrilərək əbədiləşdi. Beləcə, Rübabə xanım hər kəsin yaddaşında ərdəbilli «Qaragilə» kimi qala bildi.
   
   Amma qadağalar onu ömrü boyu izlədi
   
   Mühacir olması, Cənubi Azərbaycan milli hökumətinin (1945-1946) pasportunu daşıması ona qastrollara getməsinə, sənətini səsinin gedə biləcəyi uzaqlıqlara çatdırmasına mane olurdu. İfaçı, çətinliklə də olsa, yalnız keçmiş sovet respublikalarına səfər edə bilirdi. Hindistanın dünya şöhrətli sənətçisi Raç Kapurun onu dəfələrlə öz ölkəsinə dəvət etməsinə baxmayaraq, məlum qadağalar bu səfəri reallaşdırmasına da mane oldu. Yalnız bir dəfə opera tamaşasının nümayişi üçün Çinə səfər edən kollektivin tərkibində qastrol həyəcanı yaşaya bildi.
   Əslində Rübabə xanıma pasportunu dəyişdikdə bu problemin həll olunacağını desələr də, o, bundan imtina edirdi. Rübabə xanım haqq etdiyi fəxri adını da çox çətinliklə aldı. Aylarını, illərini opera səhnəsində (1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub), o vaxtın təbirincə desək, «sovet zəhmətkeşləri qarşısında çıxışlar»la keçirən Rübabə xanım 1971-ci ildə Azərbaycanın Xalq artisti adına layiq görülüb.    

   «Gümüş xəncər»in qarğışı
   
   Taleyindən söz düşdükdə Rübabə xanım «Gümüş xəncərdən sonra taleyim qara gəldi», - deyərmiş. Nə idi bu “gümüş xəncər”?
   Ərdəbil əhlinin ziyarətə çevirdiyi Rin dağında «gümüş xəncər» adlı bir gül bitirmiş. Yüksək dağ zirvəsində bitən bu qeyri-adi gülün 25-30 il ömrü olsa da, bu müddətdə tək bircə dəfə çiçək açırmış. Bir dəfə balaca Rübabə bu yerlərdə gəzəndə gözü tünd çəhrayı rəngli bu gülə sataşır və əyilib birini dərir. Bu vaxt ana nənəsi təlaşla ona «A bala, nə etdin, kim bu gülü dərsə, gül onu qarğayır, əlləri üç ay yara səpir, gələcək taleyini isə Allah bilir. Ona görə də heç kim onu dərmir», - deyir. Nənəsinin bu həyəcanını anlamayan balaca Rübabə o vaxt bu gözəl çiçəyin xoş rayihəsində olsa da, sonralar bu deyimin gerçəkliyinə inanmağa məcbur olur. Elə bil həqiqətən də “gümüş xəncər” gülü onu qarğayır. Qızcığazın əlləri həqiqətən də o vaxt üç ay yara səpir. Taleyi isə bəxtini əllərə, özünü isə ellərə salır.
   
   Səkinə, Zeynəb, Rübabə və Leyli
   
   Hər il Məhərrəmlik ayının son günü, Aşura mərasimlərində hörükləri dizlərini qucan Rübabəni tifil Səkinə obrazına salıb kəcavədə Ərdəbil küçələrini gəzdirərmişlər. 10-12 yaşlarından isə Həzrəti Hüseynin bacısı Zeynəbin obrazını yaradır.
   Örtülü kəcavədə gəzən kiçikyaşlı qızın oxuduğu mərsiyələrin səsi bütün Ərdəbili göz yaşına boğardı. O vaxt heç kəsin ağlına belə gəlməzdi ki, imam övladlarının hədisini oynayan Rübabə illər sonra Ərdəbildən Bakıya pənah gətirəcək, vətəninin həsrətini yanğılı səsi ilə həyatının Leylisində yaşadacaq.
   
   Neyçin səni bəs unuda bilmirəm?
   
   Ərdəbilin sazçı yeniyetmələri arasında Rübabənin öz yeri var idi. Ürəyəyatımlı məlahətli səsi onu tay-tuşlarından fərqləndirirdi. Həmin illərdə, daha dəqiqi, 1946-cı ilin baharında Azərbaycan Milli Hökuməti İran tarixində ilk dəfə Təbrizdə Dövlət Filarmoniyasının açılması haqqında qərar verir. Bu təzə sənət ocağının yaradılması 22 yaşlı Əli Tudəyə həvalə edilir. O vaxt elektrik enerjisi qıtlığı olduğundan filarmoniyanın bütün konsertlərini efirə vermək mümkün deyildi. Bu səbəbdən də ayrı-ayrı mahallara dəstə-dəstə musiqiçilər göndərilməyə başladı...
   Bir gün Ərdəbildə qastrol səfərindən qayıtmış dəstənin üzvləri maraqlı bir əhvalat danışırlar: «Bizdən sonra səhnəyə şux qamətli, utancaq simalı, çatma qaşlı yeniyetmə bir qız çıxdı. Dedilər, Ərdəbil şəhərinin sakini molla Xəlil İşraqinin qızıdır. O, əvvəlcə çaşqın halda donub qaldı. Elə ki, musiqi dilə gəldi, qız aramla oxumağa başladı. Şaqraq zənguləsi, xoş avazı aləmi bürüdü». Bu gənc həmin Rübabə Muradova idi. Rübabə Təbriz Filarmoniyasına dəvət alsa da, həmin səhnədə çıxış etmək ona qismət olmadı. Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılan Azərbaycan Milli Hökuməti 1946-cı ildə süquta uğradı və İşraqilər ailəsi də bir çox soydaşlarımız kimi vətəndən perik düşdülər.
   
   Yandırdın qəlbimi, aman...
   
   Məlahətli, qəlb yandıran bu səs Rübabəyə atası Xəlildən keçmişdi. Axund olduğundan çoxları onun Rübabəyə oxumağa imkan verməyəcəyini düşünürdü. Amma Xəlil kişi həmişə «Səs Allah vergisidir, onu gizlətmək olmaz», - deyərmiş.
   Vaxtilə Ərdəbil mədrəsəsində Quran ayələrini, namazı gözəl avazla oxuyan Rübabə sonralar Bakıda təhsil alarkən muğam parçaları və mahnı oxumağa başlayır.
   16 yaşında ərə gedir, amma taleyi gətirmir. Bu bəxtsizlik bəlkə də onu xanəndəliyə yönəldən əsas səbəblərdən biri olur.
   Azərbaycanın görkəmli musiqiçiləri Əhməd Bakıxanov, tarzən Bəhram Mansurov və muğam ustası Gülxar Həsənova Rübabə Muradovanı ilk dəfə dinləyəndə heyranlıqla «Bu ki əsl Leylidir» deyirlər. Sonra onu Azərbaycan Dövlət Opera və Balet Teatrına aparıb Leyliyə hazırlaşdırırlar. Daha doğrusu, Rübabə Muradova içindəki acıların həqiqi Leylisini tamaşaçılara göstərməyə hazırlaşır.
   
   Onun «Şam pərdəsi» başqa idi
   
   1954-cü ilin payızı. Bakı. Opera mövsümünün açılışı. Azərbaycanın Məhəmməd Füzuli və Üzeyir Hacıbəyli kimi iki dahisinin dünya şöhrətli «Leyli və Məcnun» operası. Bu anları görənlər nəql edirlər: «Rübabənin Leylilik xilqətini təpədən-dırnağa seyr edəndə insanda belə bir təsəvvür yaranır ki, Allah dörd əsr yarım bundan əvvəl dahi Füzulinin ilahi qələmindən nəqş olunmuş Leylini səhnəyə indi bəxş edib»... Allah sərvi boydan tutmuş ilk eşqin naləsinədək hər şey vermişdi ona. Rübabə Leylinin özü olmuşdu, Leyli isə Rübabə. Leyli Rübabənin vətən həsrəti, eşqi, şəxsi həyatındakı nisgilin acılarını hamıya çatdırmaq üçün alışıb-yanırdı.
   Onun Leylisinin təkrarsızlığını dəfələrlə qeyd edən yazıçı-publisist Mustafa Çəmənli Rübabə xanımın bu obrazda sanki özünü oynadığını deyir: «Mən Rübabə xanımı Leyli rolunda səhnədə görmək xoşbəxtliyinə nail olmuşam. Onun xüsusən “Şam səhnəsi”ndəki ifasını bir tamaşaçı olaraq, sadəcə, izləmək mümkün deyildi. Rübabə xanım sanki Leylinin həyatını oynayırdı, onun ifası çox canlı və özünəməxsus idi. Təbii ki, bu da onun səsinin obrazlılığı ilə bağlı idi. O surət, o obrazla sanki özünü ifa edirdi. Onun ürəyi və ruhu çox böyük idi. Bir məqamı da deyim ki, Rübabə xanım Leylini sanki qısqanırdı, ona bir səhnə obrazı, opera partiyası kimi yox, taleyi kimi yanaşırdı. Ona görə də Rübabə xanım daim tamaşaçı yaddaşında bu özəlliyi ilə də qalacaq».
   
   Opera tamaşalarının mahir ifaçısı
   
   Bu uğurlu debütdən sonra Rübabə Muradova opera səhnəsindəki əksər tamaşalardakı aparıcı partiyaları, «Əsli və Kərəm»də Əslini, «Aşıq Qərib»də Şahsənəmi, «Şah İsmayıl»da Ərəbzəngini, «Gəlin qayası»nda Sənəmi ifa edib. O həm də muğam, təsnif, xalq mahnılarının mahir ifaçısı olub.
   Bəstəkar, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovun fikrincə, Rübabə Muradova səsinin, ifaçılıq məharətinin özünəməxsusluğu ilə hələ bundan sonra da yaşayacaq: «O, Azərbaycan ifaçılıq sənətində öz izini qoymuş nadir sənətkarlardan idi. Səsi, ifa manerası, təşnəli oxumağı, qəlbinin gözəlliklərini ifasına daşıması onu xalqın sevimlisi etmişdi. İstər milli operalarda yaratdığı rollar, istərsə də muğamlarımızı, xalq mahnı və təsniflərimizi, xüsusən də bəstəkar mahnılarını elə yüksək səviyyədə oxuyub ki, ondan sonra o mahnıları kimsə oxuyursa belə, həmişə Rübabə xanımın nəfəsi, oxusunun hərarəti özünü hiss etdirir».
   
   Ömür keçdi, gələmmədim, gec oldu...
   
   Rübabə xanımın ən böyük arzularından biri ölənədək səhnədə Leylini oynamaq idi. Amma onu da bilirdi ki, gec-tez sevdiyi obrazı gənclərə verəcək. Bu, sənətin amansız qanunlarından biri idi. Amma bir dəfə etiraf edib ki, «Hamının məndən üz döndərməyinə dözə bilərəm, təki səsim məni tərk etməsin. Son nəfəsimdə də səsim yerində olsun».
   Elə də oldu. Səsi, ifası onu tərk etmədi. Ölümünə bir həftə qalmış «Gəl bizə yar» mahnısını ifa etdi. Hətta mahnı lentə də alındı. Evində və dənizkənarı parkda çəkilişləri də aparıldı. Amma o özü bu yazını, təəssüf ki, görə bilmədi.
   
   Səni qəmli görəndə
   
   Rübabə Muradova xoşbəxt sənətkar idi. Amma taleyində yox, səsinin bəxtində bəxtəvər idi. Onun ifasında, nəfəsində Azərbaycan xalqının müdrikliyi, qədimliyi yaşayırdı. Onun ifa etdiyi təsnif də, mahnı da, muğam da yeni biçimdə, yeni xalda idi. Ən kiçikhəcmli mahnını da gərgin dramatizmi, bitkin kompozisiyası olan bir əsər kimi oxuyurdu. Sözə həssas, dəqiq münasibəti var idi.
   Taleyin qisməti 1933-cü ilin 22 martında - Novruzun ilk günlərində Cənubi Azərbaycanda dünyaya göz açmış Rübabə Muradovanı 51 yaşında (30 avqust 1984) Şimali Azərbaycanda torpağa tapşırdı. Bununla da səhnə öz Leylisini, Azərbaycan isə Rübabəsini itirdi.
   
   Həmidə Nizamiqızı