Martın 3-də Bakıda keçirilən “Müasir Ukrayna musiqisi günləri” çərçivəsində Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda elmi konfrans keçirildi.
   
   “Müasir Ukrayna musiqisi” mövzusunda konfransda Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Azərbaycan və Ukrayna arasında tarixi ənənələrə söykənən dostluq münasibətlərindən söz açdı. Bu cür əlaqələrin musiqi sahəsində qarşılıqlı zənginləşmə və təcrübə mübadiləsinə zəmin yaratdığını vurğuladı.
   Tədbirdə Ukraynadan ölkəmizə təşrif buyuran musiqiçilər haqqında məlumat verildi. Qeyd olundu ki, martın 2-də Dövlət Filarmoniyasının səhnəsində Əməkdar incəsənət xadimi F.Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri ukraynalı solistlərlə birlikdə ukraynalı bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
   Daha sonra qonaqlar müasir dövrdə Ukrayna musiqi mədəniyyəti və inkişaf xüsusiyyətlərindən bəhs edən məruzələrlə çıxış etdilər. Ukraynanın Xalq artisti, professor Miroslav Skorik “Dünya müasir musiqisinin və milli mədəniyyətin inkişaf yolları” mövzusunda çıxış edərək musiqi və dinləyici arasında münasibət, gənclərin musiqi zövqünün formalaşdırılması məsələlərinə toxundu. Konfransda Ukrayna Bəstəkarlar İttifaqının sədri İqor Şerbakovun, fəlsəfə doktoru T.Nevençanın, fəlsəfə doktoru Mixail Şvedanın, Aleksandr Piriyevin müxtəli mövzularda məruzələri dinlənildi.
   Martın 3-də Bəstəkarlar İttifaqında “Müasir Ukrayna musiqisi günləri” çərçivəsində final konserti oldu. Kamera musiqisindən ibarət olan konsertdə Ukrayna bəstəkarları Y.Stankoviç, B.Frolyak, İ.Karabits, M.Skoriç, M.Şved və başqalarının əsərləri səsləndirildi. Solistlər D.Tavantes və A.Zaytsevanın fortepiano duetləri maraqla qarşılandı.   

  Lalə