Ötən illərin mahnıları
Və ya 48 il solmayan “Lalə”
Baharda çölləri, düzləri bəzəyən al qırmızı qara xallı lalənin adını Azərbaycan musiqisində yaşadan «Lalə» qızlar ansamblını, yəqin ki, tanımayan yoxdur. Şərqin qadınlardan ibarət ilk xalq çalğı alətləri ansamblı olan və düz 48 il eyni təravət və rayihədə qalan «Lalə» həm də musiqi mədəniyyətimizdə yenilik idi.
Gənc qızların bu kollektivin tərkibində böyük səhnələrə çıxması, populyarlıq və şöhrət qazanması, təbii ki, böyük zəhmət və peşəkar əməyin nəticəsi idi. Bunun öhdəsindən gəlmək isə musiqiyə ruhən bağlı olan, ömrünü sənətə həsr edən şəxsə nəsib olardı. Tale bu missiyanı gözəl tar ifaçısı, Xalq artisti Ceyran xanım Haşımovaya vermişdi.
78 illik ömrünün 55 ilini sənətə həsr edən Ceyran Haşımovanın yaratdığı "Lalə" qızlar ansamblının bir vaxtlar ölkəmizin hüdudlarından çox-çox uzaqlardan gələn sorağı, indi də efir-ekrandan səslənən lent yazıları insanda xoş təəssürat oyadır. Beləcə illər, onilliklər keçməsinə baxmayaraq, sənət təravətini itirməyən «Lalə» musiqi tariximizdə öz izini qoydu. Özü də milli ifaçılıq sənətimizə Mahrux Muradova, Nəzakət Məmmədova, Təranə Vəlizadə, Nisə Qasımova, Kəmalə Rəhimova, Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Sahibə Əhmədova kimi neçə-neçə istedadlı müğənniləri bəxş etməklə.
Amma bu bir arzu idi
Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Musiqi Kolleci) tar sinfində dərs deyən və aparıcı musiqi kollektivlərindən birində çalışan Ceyran xanımın bir arzusu var idi: Azərbaycanın qadınlardan ibarət xalq çalğı alətləri ansamblını yaratmaq. İstedadına, enerji və qətiyyətinə inanan Ceyran xanım bilirdi ki, bu işin öhdəsindən gələcək. Xəyalında yaradacağı ansamblı canlandırırdı - eyni geyimli, boy-biçimli gözəl qızlar, böyük səhnələr, sonsuz tamaşaçı alqışları, gül-çiçək dəstələri...
Onun belə bir arzuda olması gənc musiqiçi qızlar arasında da maraqlı bir canlanma yaratdı. Çoxları bu ansamblda yer almaq, onun tərkibində sənətə atılmaq istəyirdi.
O illərə bir də qayıtsaq...
Qayıtdıq da. Bu günlərdə özünün 78, qurub-yaratdığı «Lalə» qızlar ansamblının 48 yaşını qeyd edən Xalq artisti Ceyran Haşımovanın bələdçiliyi ilə. O, ötənləri eyni hərarət və sevgi ilə ən xırda detallarınadək xatırladı, yaddaşlarda xoş xatirəyə çevrilən anları yenidən yaşadı, yaşatdı.
«1952-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu əlaçı diplomu ilə bitirdiyimə görə, məni orada müəllim saxladılar. Tələbələrimin arasında qızlar da vardı. Bu elə bir vaxt idi ki, musiqi sənətində qızlar hələ az idi. Buna qədər isə mən Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində tar ifaçısı idim. O, orkestrin nəzdində sazçı qızlar dəstəsi yaratmaq istəyirdi. İfama qulaq asandan sonra məni həmin qrupa dəvət etdi. 1959-cu ildə Azərbaycan Dövlət Teleradio Komitəsinin xalq çalğı alətləri orkestrinin saz qrupuna qəbul edildim. Qrupda 4 sazçı qız vardı, mən də qrupun konsertmeysteri idim. Həmin il Moskvada keçirilən mədəniyyət dekadasında mən də iştirak etmişəm. Elə onda ağlıma bir fikir gəldi ki, görəsən, yalnız qızlardan ibarət ansambl yarada bilərəmmi? Bir dəfə dərsdə fikrimi tələbə qızlara deyəndə, onlar bunu bəyəndilər. 1964-cü il idi. Beləliklə, mən bu istiqamətdə işə başladım. Əvvəlcə Asəf Zeynallı adına Musiqi Texnikumundakı kamança çalan qızları bu ansambla dəvət etdik. Sonra bir qarmonçalan qız da tapdıq».
Adı «Lalə» olsun, amma solmasın
Ansamblın ilk musiqi məşqlərinin birində kollektivə ad qoymaq zərurəti meydana çıxır. Ceyran xanım çoxdan bəri qəlbində yaşatdığı “Lalə” adını təklif edir. Qızlar böyük məmnuniyyətlə güllər gözəlinin adı altında toplaşmağı qəbul edirlər. Həmin gündən etibarən «Lalə»nin gərgin məşqləri başlayır. Özü də konsert proqramlarının televiziyada canlı yayımlanmasını və heyətin ilk çıxışının hamı tərəfindən diqqətlə izlənəcəyini nəzərə alaraq gecə-gündüz məşq edirdilər.
“...Həyat yoldaşım rəhmətlik Mirhaşım Haşımov özü də musiqiçi idi. Musiqi Texnikumunda skripkadan dərs deyirdi. Bütün iş-gücünü atıb mənə dəstək oldu. 1965-ci ildə ansamblı tam formalaşdırandan sonra Dövlət Televiziya və Radio Komitəsinin sədri Ənvər Əlibəyliyə müraciət edib dedim ki, belə bir ansambl yaratmışam, çox istərdim bizə qulaq asın, mümkündürsə, bu kollektivi teleradionun nəzdinə qəbul edin. Beləliklə, tar, kamança, qarmon və nağaradan ibarət ansambl ilk solistlərimiz Zümrüd Həmidova və rəhmətlik Suğra İbrahimova ilə Ənvər Əlibəylinin qarşısında çıxış etdi. Ənvər müəllim ifamıza qulaq asandan sonra bizi təbrik etdi və teleradionun nəzdinə qəbul etdi».
«Sənə də qalmaz»
Qəlbində yaratdığı «Lalə»yə ürək yandıran Ceyran xanım fikrində yanılmamışdı. İlk konsert baş tutdu, özü də böyük uğurla. O günləri yenidən xatırlayırıq: “Qısa zamanda ansamblın üzvlərinin sayı artdı. 1966-cı ilin fevralın 22-də ilk dəfə radioda çıxış etdik. Ələkbər Tağıyevin "Xızı dağları" və Tofiq Quliyevin "Sənə də qalmaz" mahnılarını ifa etdik”.
Nəhayət, o gün yetişdi. Ansambl 8 Mart - Beynəlxalq Qadınlar Günündə ekrana çıxdı, tamaşaçılara gözəl musiqi çələngi bəxş edərək sənətə vəsiqə qazandı. Həmin konsertdən sonra "Lalə" qızlar ansamblının şan-şöhrəti ellərə yayıldı.
Ansambl 1966-cı ildən 1971-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin nəzdində fəaliyyət göstərib. Qastrollara çıxmaq üçün kollektiv 1971-ci ildən Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərməyə başlayıb. 1978-ci ildə Dövlət Konsert Birliyi yaranandan sonra isə kollektiv bu qurumun tərkibində (1992-ci ilədək) yer alıb.
İlk olmağın həyəcanı
Azərbaycanda qızların musiqiyə kütləvi gəlişini, xüsusən də adət etmədiyimiz, bir növ qadınlara yad görünən alətlərdə ifa etmə ənənəsini də böyük ekrana, çoxminli tamaşaçılara bu ansambl təlqin etdi desək, yanılmarıq. Düzdü, el şənliklərində, xüsusən də Bakı toylarında qadınlardan ibarət üçlüklər çıxış edirdilər. Amma bütöv bir ansamblın bütün alətlərində qızların ifası bir ilk idi. Bəlkə də elə «Lalə»nin uğurunun bir səbəbi də bu idi. Ceyran xanım ifaçı qızların ansambla ilk gəlişini, o günlərin həyəcanını bu gün də unutmur: “İlk vaxtlar qızların valideynlərini razı salmaq müşkülə çevrilirdi. Amma kollektivin populyarlaşmasından sonra valideynlər özləri qızlarını bu ansamblda görmək istəyirdi, hər qastrol səfərində neçə-neçə gənc qızı bizə təqdim edirdilər.
Ansamblın ilk qarmonçalanı Leyla Şıxıyeva idi. Hazırda Zığ qəsəbəsində yaşayır. İlk tarçalanlarımdan öz tələbəm olan Təcrübə Sultanova hazırda Sumqayıt Musiqi Kollecinin müəllimidir. Kamançaçalan Almaz xanım sonradan ailə qurub dəstəmizdən ayrıldı. Onlardan heç biri indi ansamblda yoxdur. Çünki o vaxtdan 48 il keçib, amma 25-30 il mənim ansamblımda işləyən xanımlar da olublar. Misal üçün, müğənni Rəhilə Bəndəliyeva 32 ildir bizim ansamblda çalışır. 48 ildə yüzlərlə istedadlı azərbaycanlı qızı bizim ansamblda yetişib, sonradan müstəqil olaraq sənətə həyata atılıblar. Qızlar ərə gedəndən sonra mən onları başqaları ilə dəyişirdim. Həmin qızların böyük əksəriyyəti müxtəlif musiqi məktəblərində dərs deyirlər. Çünki bəziləri ərə gedəndən sonra həyat yoldaşları ansambla gəlməyə onlara imkan vermədi. Özünüz bilirsiniz ki, o dövrdə qızların musiqiçi olması çox çətin idi».
Bir əsgərin son arzusu
Ansamblın artan şöhrəti ölkə sərhədlərini də aşdı. Artıq azərbaycanlı qızların sorağı keçmiş SSRİ ölkələrini dolaşırdı. İttifaqın ayrı-ayrı şəhərlərindən kollektivin ünvanına saysız məktublar, dəvətlər gəlməyə başladı. Hər kəs bu çiçək çələngini xatırladan qızların ifasını canlı izləmək, konsertlərinə tamaşa etmək istəyirdi. Elə bu istəklə də «Lalə» diyar-diyar dolaşmağa, Azərbaycanın xalq və bəstəkar musiqilərini, muğam və təsniflərini təbliğ və tərənnüm etməyə başladı: «Ansambl dili, mədəniyyəti, musiqisi fərqli olan xalqlar arasında qırılmaz dostluq əlaqəsi yarada bildi. İlk səfərimiz dost Mahaçqalaya oldu. Orada bizi böyük sevgi ilə qarşıladılar. Sonra Xarkov, Rostov, Qroznı, Stavropolda olduq, tamaşaçılar qarşısında böyük məhəbbətlə çıxış edərək zəngin mədəniyyətimizi təbliğ etdik. Sonra SSRİ respublikalarından Özbəkistan, Türkmənistan, Belarusda çıxışlar etdik, Əfqanıstanda, digər xarici ölkələrdə olduq. Bu missiyamızı vətənimizin çətin günlərində də davam etdirdik. Qarabağ müharibəsinin ən ağrılı məqamlarında, döyüşlərin ən qızğın vaxtlarında cəbhə bölgələrində, səngərlərdə, düşmənlə üz-üzə dayanan əsgərlərimiz qarşısında çıxışlar etdik. Bir gözümüz ağlasa da, bir gözümüz güldü. Bir dəfə tonqal ətrafına toplaşıb bizi dinləyən əsgərin dediyi «Ceyran xanım, bir «Tərəkəmə» ifa edin, sümüyümüzü sındıraq e. Bəlkə heç yarım saatdan sonra həyatda olmadıq» sözləri hələ də qulaqlarımdadır. Bax «Lalə» o ağrıları da keçib, o istəkləri də gerçəkləşdirib. Çünki bu ansambl Azərbaycan qadınının adı, ünvanı, rəmzi idi».
Bakının qaragözlü qızları...
Ansamblın ifasında təqdim olunan xalq və bəstəkar mahnıları, muğam və təsniflər tez bir zamanda populyarlaşmağa başladı. Artıq bəstəkarlar sırf bu heyət üçün mahnılar yazırdılar. Cahangir Cahangirov, Ramiz Mirişli, Emin Sabitoğlu, Telman Hacıyev, Oqtay Kazimi kimi bəstəkarların yaradıcılıq məhsulu olan «Ay qız», «Lalələr», «Küsüb məndən», “Bakının qızları”,«Mavi» kimi mahnılar sevilməyə, dillər əzbəri olmağa başladı. Dünya xalqlarının da mahnılarını ifa edən ansamblın solistləri arasında Reyhan Müslümova hind, Mahrux Muradova və Firuzə İbadova fars mahnılarının ifaçıları kimi də tamaşaçı yaddaşında iz qoydu. Hər birinin ayrı tamaşaçı auditoriyası, ayrı bir səhnə cazibəsi, istedad və fərdi yaradıcılıq üslubu olan bu qızlar «Lalə»dən pərvazlanaraq Azərbaycan musiqi mədəniyyətində öz adlarını yazmağa nail oldular.
Həmidə Nizamiqızı