Martın 25-də Dövlət Uşaq Filarmoniyasında xalq çalğı alətləri ansamblının konserti oldu. Novruz bayramı günlərinə təsadüf edən konsert tamaşaçılara gözəl əhvali-ruhiyyə bəxş etdi.
   
   Xalq çalğı alətləri ansamblının bədii rəhbəri Qönçə Mehdiyeva bayram münasibətilə hazırladıqları hesabat konsertində iştirak edən 17 solist və 30 nəfər ifaçının tamaşaçıların ruhunu oxşaması üçün böyük əmək sərf etdiklərini bildirdi.
   Aparıcı Dövlət Uşaq Filarmoniyasının 20 illik tarixi, qazandığı uğurlar barədə məlumat verdikdən sonra səhnəyə balaca və yeniyetmə ifaçılar dəvət olundu.
   Nəbi Nəbizadə, Sədəf Budaqova, Əli Hidayətlinin ifa etdiyi «Bayram axşamları» mahnısının (bəstəkar Ramiz Mirişli) sevimli təranəsi salona yayıldı. 2011-ci ildə keçirilən «Kainat» Uşaq Muğam Festivalının Qran-Pri mükafatçısı Sədəf Budaqova «Vətən səndədir» (Ələkbər Tağıyev), festivalın 3-cü mükafatçısı Fəxri İsmayılov «O sürməli gözlərin» xalq mahnısı, 2009-cu ildə keçirilən 1 Beynəlxalq «Kainat» Uşaq Muğam Festivalının Qran-Pri mükafatçısı Rəşid Seyidov «Sənsən» mahnısını böyük həvəslə ifa etdilər.
   Konsertə məktəbin məzunları da qonaq qismində dəvət olunmuşdu. Qonaqlardan Azərbaycan Televiziyasında keçirilən 3-cü Muğam müsabiqəsinin laureatı Zabitə Alıyevanın ifa etdiyi ermənilərin sahib çıxmaq istədikləri bizim milli dəyərimiz olan «Sarı gəlin» xalq mahnısı hamını heyran qoydu. Sazda Əfsanə Cəlilova «Ruhani» aşıq havası ilə tamaşaçıları məmnun etdi.
   Xalq çalğı alətləri ansamblının bədii rəhbəri Q.Mehdiyevanın kamançada ifa etdiyi «Dilbərim» xalq mahnısının sehrinə düşən dinləyicilər özlərini artıq başqa bir aləmdə hiss edirdilər.
   İştirakçılar «Yaşa Azərbaycan» mahnısını tamaşaçılarla birlikdə ifa etdilər. Əllərdə yellənən üçrəngli bayraq isə Azərbaycan mədəniyyətinin dünyanın hər yerində layiqli şəkildə təmsil olunacağına bir işarə idi.
   Konsertin sonunda Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya çıxış edərək, xalq çalğı alətləri ansamblını uğurlu çıxışa görə təbrik etdi.