Azərbaycan musiqi folklorunun canlı ensiklopediyası Cabbar Qaryağdıoğlunun anadan olmasının 151 ili tamam olur. Ömrünün 70 ilini Azərbaycan vokal sənətinə həsr edən Cabbar Qaryağdıoğlu fövqəladə istedadı ilə musiqi tariximizin qızıl dövrünü yazdı.
   
    ...13 yaşında oxumağa başlayan Cabbar 16 yaşında ifa etdiyi "Şüştər", "Kürd Şahnaz" muğamları ilə məşhurlaşır və məşhur tarzən Sadıqcanın təklifi ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən xeyriyyə gecəsində çıxış edir. Oxuduğu "Heyratı"nın əks-sədası tezliklə Gəncəyə, Şamaxıya, Bakıya yayılır. Onu Orta Asiyaya, İrana dəvət edirlər.
   Cabbar Qaryağdıoğlu həm də Azərbaycan opera sənətinin ilk ifaçılarından biri kimi tarixə düşüb. 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəciyində Məcnun rolunu oynayan Cabbar Qaryağdıoğlu həm də operamızın ilk aktyoru idi. Sonralar Üzeyir bəy yazırdı: “Leyli və Məcnun” operasının yazılışına mən 1907-ci ildə başlamağıma baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə 13 yaşında ikən Şuşa şəhərinin həvəskarlar tərəfindən tamaşaya qoyulan “Məcnun Leylinin qəbri üstündə”ki musiqili faciəsini görərkən oyanmışdır”.
   1911-ci ildə Cabbar Qaryağdıoğlu Bakıda "Nikitin qardaşlarının teatrı"nda "Fərhad və Şirin" operasının ilk tamaşasında Fərhad rolunu ifa edir. O dövrün qəzetləri bu barədə yazırdılar: "Qaryağdı Fərhadın ariyasını çox gözəl və ruh yüksəkliyi ilə oxuyurdu".
   Seyid Şuşinski Cabbarın oxuması barədə deyərdi: “Cabbar oxuyanda elə bil qüvvətli bir dağ çayı daşaraq aləmi selə-suya bürüyüb qabağına qatırdı”.
   
   * * *
   XX yüzilliyin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Muğamların Azərbaycan dilində ifası bütün Güney Qafqazda ənənəyə çevrildi.
   Cabbar Qaryağdıoğlu tarixə həm də səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə kimi düşüb. Belə ki, xanəndə 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşava şəhərlərinə dəvət alıb və orada səsi qrammofon valına yazılıb.
   Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri kimi də Cabbar Qaryağdıoğlu uzun illər bu mədəniyyət ocağında klassik musiqidən dərs deyərək gələcək xanəndələrin yetişməsində fədakarlıq göstərdi. Azərbaycan Dövlət Filarmoniyasında, radioda solist kimi uzun illər çalışdı.
   
   * * *
   Cabbar Qaryağdıoğlu bir dəfə İrəvanda toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır. Bu, bir faktdır ki, "İrəvanda xal qalmadı" (illər uzunu el nəğməsi kimi təqdim edilsə də) mahnısının sözləri də, musiqisi də Cabbar Qaryağdıoğluna məxsusdur. Onun 30-dan çox mahnısı Üzeyir Hacıbəyli, Müslüm Maqomayev tərəfindən nota salınıb.
   Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.
   Bəstəkar Süleyman Ələsgərov yazırdı: "Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumamışdır. Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyətini də qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarın do kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagəlməz cəsarət, məharət və möcüzə idi".
   
   Təranə