Sevda Ağayeva fortepiano müəllimi (hazırda İncəsənət Gimnaziyasında çalışır) olsa da, oğlu Oqtayın bu sahəyə gəlməsini istəmirdi. Üç yaşlı balaca isə pianodan əl çəkmirdi. Sonralar uşağın sözünü kəsmək üçün “evdə bir pianoçu var, al, sən də bunu çal” deyə ona bir skripka hədiyyə etmişdi. Oğlunu gələcəkdə riyaziyyatçı kimi görmək istəyən ana onun musiqiyə həvəsinin ötəri olduğunu düşünürdü.
   
   Təhsil vaxtı gələndə Oqtay həm də musiqi məktəbinə - skripka sinfinə getmək arzusunda olduğunu bildirdi. Sevda xanım övladını özünün həmin vaxt işlədiyi 23 saylı musiqi məktəbinə apardı. Burada skripka ifaçılığının sirlərini öyrəndi.
   Beləliklə, Oqtay Zeynalov təhsili müvəffəqiyyətlə başa vurub Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Üçüncü kursda oxuyarkən dünya şöhrətli M.Rostropoviçdən iki dəfə ustad dərsi alır. Maestro onun ifasını çox bəyənib məmnun qaldığını bildirir, ona təhsilini xaricdə davam etdirməyi tövsiyə edir. O.Zeynalov magistraturanı da doğma təhsil ocağında (müəllimi Fatimə İdyatulina sinfində) oxuyur və təhsilini “Fərqlənmə diplomu” ilə başa vurur.
   Maestronun tövsiyəsini yerinə yetirməkdə isə ona Heydər Əliyev Fondu dəstək verir. Oqtay Almaniyanın Essen şəhərində “Folkvanq” konservatoriyasına daxil olub məşhur professor Nana Yaşvilinin sinfində oxuyur. Burada da təhsili uğurla başa çatdırıb ifasını daha da cilalayır. Tez-tez Almaniyanın böyük şəhərlərində, Avropanın digər ölkələrində solo konsertlər verən Oqtay Zeynalovu pianoda həmyerlimiz Tamilla Quliyeva müşayiət edir. Skripkaçı Novruz bayramı günlərində doğma Bakıya gəlmişdi. O, təəssüratını bizimlə bölüşdü:
   - Şadam ki, hər bir azərbaycanlı üçün əziz olan bayram günlərini Bakıda, ailəmlə birlikdə keçirdim. Bir daha doğma yerləri, İçərişəhəri gəzdim, dostlarımla, sevimli insanlarla görüşdüm. Bakı Musiqi Akademiyasının böyük zalında saat yarımlıq konsert proqramı ilə çıxış etdim. Zalı ağzına kimi dolu görəndə çox fərəhləndim. Y.Bramsın 2 nömrəli sonatasını, Y.İzayenin sonata balladasını, P.Çaykovskinin “Meditasion” əsərini, S.Prokofyevin “Zoluşka” baletindən valsı, R.Şedrinin “Ala Al Benis”ini, M.Ravelin “Qaraçı” rapsodiyasını ifa etdim. Salondakıların alqışlarından, üzlərindəki xoş təbəssümdən məmnun qaldıqlarını gördüm. Mənə yaxınlaşıb səmimi ürək sözlərini bölüşən, böyük Essen Folkvanq Konservatoriyası barədə sual verənlər də vardı. Güman edirəm ki, gələcəkdə bu möhtəşəm təhsil ocağında digər azərbaycanlı gənclər də oxuyacaq.
   Almaniyada doğma vətəndən uzaqda olsam da, heç zaman Azərbaycanı unutmur, hər gün ölkəmiz haqda olan məlumatları oxuyuram. Ürəyim həmişə Azərbaycanladır.
   
   İ.Əsədova