Bəsti Sevdiyeva geniş konsert proqramı ilə çıxış etdi
   
   Aprelin 9-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının baş müəllimi, tanınmış muğam ifaçısı Bəsti Sevdiyevanın konserti oldu.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirin aparıcısı, Xalq artisti İlham Əsgərov Bəsti Sevdiyevanın daim sevilən sənətçi və gözəl ifaçı olduğunu bildirdi. Onun 2006-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə çıxış etdiyini vurğuladı.
   Xanəndənin özünəməxsus ifasından söz açan Xalq artisti Canəli Əkbərov onun geniş səs diapazonuna malik olduğunu, bütün muğamlarımızı pəsdə və zildə asanlıqla oxuduğunu diqqətə çatdırdı: «Onun səsinin öz sirri, rəngi, hikməti, ahəngi var. Ürəkləri riqqətə gətirən, qəlbləri ovsunlayan ifası, ifasındakı titrək notlar və xallar, naxışlar ilahi səsin varlığından xəbər verir».
   Əməkdar incəsənət xadimi Əbdül Mahmudov Bəsti Sevdiyevanın xalq mahnılarının, təsnif və muğamlarımızın təkcə məharətli ifaçısı deyil, həm də gözəl bilicisi olduğunu bildirdi: «Hazırda o, bu sənətin sirlərini Mədəniyyət və İncəsənət Universitetində gənc ifaçılara öyrədir».
   Tədbirdə iştirak edən başqa sənətçilər də B.Sevdiyevanın özünəməxsus yaradıcılıq yolundan, ifalarından söz açdılar.
   İlk dəfə Beynəlxalq Muğam Mərkəzində solo konsert verən Bəsti Sevdiyevanı Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edirdi. Ansamblın bədii rəhbəri Ağasəlim Abdullayevdir. Konsertdə xanəndənin ifasında muğam və xalq mahnıları səsləndirildi. Həmişə olduğu kimi, bu dəfə də öz bənzərsiz və ürəyəyatımlı ifaları ilə qəlbləri oxşayan xanəndənin konserti xoş təəssüratlarla yadda qaldı. 

   Mehparə