Ötən illərin mahnıları
   
      
   Və ya 65 illik sənət tarixçəsi
   
   Azərbaycan musiqisi tarixində, xüsusən də qadın ifaçıları arasında onun öz yeri, öz adı, öz dəst-xətti var idi. Şaqraq səsinə yatan ifalarını dinləyiciləri elə ilk zəngulələrindəncə tanıyır, yetişdiyi sənətkarlıq məktəbinə sadiq ifa tərzini sevərək dinləyirdilər.
   
   Xarici görünüşü və səhnə mədəniyyəti ilə də seçilən bu xanım-xatın müğənni 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, ulu muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib. Uzun illər səhnələri gözəl ifaları ilə bəzəyən xanım sənətkar həm də yüzlərlə ifaçının yetişməsində xidmətlər göstərib. Və elə bu böyük sənət sevdası və yüksək istedadına görə yüzlərin, minlərin arasından seçilərək milyonların yaddaşına öz adını yaza bilib. Bu gün o, dünyada olmasa belə, heç kim onun adını, səsini unutmur, lent yazılarına böyük sevgi ilə qulaq kəsilir. Yəqin elə sənətdə olmağın, sənətkar olmağın da xoşbəxtliyi bundadır.
   
   Sənət ilə seçilənlərdən
   
   Səhnəyə xüsusi yaraşıq verən bu qaraqaş, qaragöz xanım incə, məlahətli səsi, qulağayatımlı ifa tərzi və özünəməxsus zəngulələri ilə səhnəyə çıxdığı ilk vaxtlardan tamaşaçıların rəğbətini qazana bilib. O həm də gözəl həyat yoldaşı, qayğıkeş ana, mehriban pedaqoq kimi də yaddaşlarda iz qoyub. Azərbaycan musiqi mədəniyyətindən Tükəzban İsmayılova adı qırmızı xətlə keçir. Çünki onun ifaçılığı və yaradıcılığı, muğam, səs sənəti xəzinəmizə bəxş etdiyi nümunələr bir sənətkar olaraq həm də zəngin məktəb qoyub getdiyini deməyə əsas verir. Təsadüfi deyil ki, onu xarakterizə edən müasirləri bu fikir üzərində xüsusilə dayanırlar.
   
   Həyat tarixçəsindən
   
   Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Erkən yaşlarından muğama, musiqiyə bağlı olduğunu göstərən, ruhundakı musiqi vurğunluğu ilə arzularına sığal çəkən Tükəzban bütün ömrü boyu onu müşayiət edən səsinin, sənətinin zirvəsinə çatmaq üçün ilk olaraq mükəmməl musiqi təhsili almağı qərara alır. 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alır və peşəkar xanəndə kimi çıxışlar etməyə başlayır. Səs və ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında fərqləndirir.
   O, 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi fəaliyyətə başlayır. Daha sonra Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olur. Televiziya ekranlarından çıxışları sevilərək dinlənilən müğənni 1978-ci ilədək Dövlət Filarmoniyasının, 1978-1993-cü illərdə "Azkonsert" Qastrol-Konsert Birliyinin solisti olub. İfaçılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan sənətkar 1985-2004-cü illərdə İncəsənət Gimnaziyasında dərs deyib.
   
   Keçmişə boylanarkən
   
   Onun səsi, avazı da maraqlı, ilk eşidən andan seçilən səs idi. Müğənninin lent yazılarını dinləyərkən hər oxusunda ayrı bir şaqraqlıq, ayrı bir məlahət duyursan. İfasına xas səhnə mədəniyyəti, duruşu, mimika və jestləri ilə də izləyicisini ekrana bağlayan bu xanımın zərif səsində bir sıra muğam, xalq mahnısı və təsniflərimiz əbədiyaşarlıq qazandı. Təsadüfi deyil ki, onun oxuduğu "Kürdün gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz", “Buludlar” kimi musiqi nümunələri bu gün də eyni hərarətlə sevilir, dinlənilir. Bugünkü musiqi, ifa bolluğunda insanlar yenə və yenidən Tükəzban xanımın səsinin hopduğu lent yazılarına böyük ehtiyacla qulaq asırlar.
   
   Onu sevdirən yetişdiyi muğam məktəbi idi
   
   Tükəzban xanım ifaçılığa başladığı dönəmlərdən yetişdiyi Bakı muğam məktəbinin xüsusiyyətlərini öz sənətində yaşatdı və davam etdirdi. O, klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil almışdı. Gözəl vokal imkanlarına malik müğənninin dolğun səsini bəyənən dahi bəstəkarımız Üzeyir Hacıbəyli sərbəst cövlanlı orta-zil səsli bu xanım üçün məxsusi olaraq "Qaragöz", "Şəfqət bacısı" və başqa bir neçə mahnı yazıb.
   Repertuarına daim diqqətlə yanaşan, hər nəsildən olan dinləyicinin zövqünü oxşamağı bacaran müğənninin ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri yer alırdı. Bu ifalar arasında tamaşaçı yaddaşına köçən və dillər əzbərinə çevrilən "Sənin vüqarın mənəm", "Sənsən", "Ceyran", "Qonşu qız", "Sən mənimlə get", "Çiçək" kimi bəstələr 60-70-ci illərin sevilən mahnılarından idi.
   Milli musiqi mədəniyyətimizin görkəmli sənətkarlarından olan T.İsmayılova yüksək ifaçılıq qabiliyyəti ilə yanaşı, səhnə mədəniyyəti ilə də fərqlənirdi. İstər geyimi, saç düzümü, ümumilikdə xarici görünüşü, istərsə də tamaşaçıya ifa xitabında dərin hörmət, ehtiram və mədəniyyətini nümayiş etdirməyi bacarırdı. Hər jestində, hər baxışında zərif ürəyin həzin pıçıltılarını dilə gətirən müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub.   

   Cəbhədən cəbhəyə musiqi döyüşü
   
   Yaradıcılığının ilk illəri ağrılı-acılı müharibə illərinə təsadüf edən gənc ifaçı səsini, sənətini ön cəbhələrdə, soyuq səngərlərdə də nümayiş etdirməkdən çəkinməyib. II Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənəti ilə vuruşub, çarpışıb. Beləcə, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə, bəzən də məhrumiyyətlərinə qatlaşa bilib.
   Bənzərsiz səs və sənətkarlıq xüsusiyyətlərini Azərbaycanın hüdudlarından kənarda da layiqincə nümayiş etdirən sənətkar musiqimizin gözəlliyini Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair kimi ölkələrdə qastrol səfərlərində olub.
   
   Onun da öz «Kəsmə şikəstə»si vardı
   
   Tükəzban xanımın repertuarında muğam, təsnif və xalq mahnıları xüsusi yer tuturdu. "Qatar", "Şahnaz", "Mahur-hindi", "Heyratı", "Xaric segah", "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə" - milli musiqi incilərimizdən olan bu muğamlar onun dolu, güclü səsində fərqli bir cazibə qazanırdı. Bu cazibədə xanəndənin təkcə səsinin deyil, təcrübə və sənətkarlığının da payı vardı. Tükəzban xanım muğam oxuyarkən güclü səs həmlələrindən istifadə edirdi. "Qatar" muğamını bu ustalığı ilə möhürləyən sənətkarın «Kəsmə şikəstə»sinin də ayrı bir yanğısı, ayrı bir hekayəti vardı. Əksər qadın xanəndələrin repertuarında yer alan bu nisgilli şikəstənin onun səsindəki özəlliyi hissli, içdən oxumasında idi.
   Ümumiyyətlə, fərqli səs tembrləri və ifa xüsusiyyətləri tələb etdiyi üçün hər xanəndəyə bütün muğamları eyni səviyyədə oxumaq müyəssər olmur. Tükəzban xanımın da ifasında şahanə səslənən bir neçə muğam vardı. Görkəmli sənətkarların rəylərinə əsaslansaq, bu xanım musiqi tariximizdə təkcə elə "Şahnaz", "Qatar", "Xaric Segah"la da qala bilərdi. Müasirləri Tükəzban xanımın ifasında səslənən bu muğamların üçünü də dərslik hesab edir, həmin muğamları mükəmməl oxumaq istəyənlərə müğənninin lent yazılarına qulaq asmağı tövsiyə edirlər. O vaxtın bir çox sənətkarları da bu barədə xatirələrində qeyd edirlər ki, səhnədə kim nə oxuyur, oxusun, Tükəzban çıxıb bir "Qatar" oxuyan kimi özündən əvvəl və sonra oxuyanların hamısından seçilirdi.
   
   Böyük eşqin sonu olmasa da...
   
   Tükəzban xanım həm də mehriban həyat yoldaşı, sevimli qadın idi. Azərbaycan səhnəsində maraqla izlənən sənətkar cütlüklərdən idilər. Həyat yoldaşı gözəl tarzən, Xalq artisti Həbib Bayramovla çox vaxt bir səhnəni paylaşar, adətən onun müşayiəti ilə oxuyardı. Həbib Bayramovun 1985-ci ildə dünyasını dəyişməsilə Tükəzban xanımın sənət həyatında da dəyişiklik başladı. O, demək olar ki, ifaçılıqla məşğul olmur, səhnədə az-az görünürdü. Lakin tamamilə sənətdən uzaqlaşmır, sənətini, təcrübəsini pedaqoji sahəyə yönəldərək ifaçılar nəslinin yetişməsi üçün çalışırdı.
   
   "Şöhrət" ordenli sənətkar
   
   Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni də var. Sənətə verdikləri və sənətdə qazandıqları ilə xoşbəxt sənətkarlar sırasında olan Tükəzban xanım həyatını dolğun və mənalı yaşayıb. Sənətdə əbədiyaşarlıq qazanan müğənni taledən 85 illik ömür payı alsa da, xalqının məhəbbətindən umduğu əbədi sevgi ilə mükafatlandırılıb.
   
   Həmidə Nizamiqızı