İyunun 20-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə metronun “Koroğlu” stansiyasının qarşısındakı musiqili “Alov-Fəvvarə” kompleksində “Heydər Əliyev - qurtuluşdan tərəqqiyə” adlı konsert proqramı təqdim edilib.
   
   Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün tarixindən, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü böyük işlərdən söz açıblar. Qeyd olunub ki, ölkəmizdə yüksək səviyyədə təşkil edilmiş “Eurovision-2012” mahnı müsabiqəsi bütün dünyada böyük əks-səda doğurub və təmsilçi ölkələrin musiqiçiləri bu gün də dünya mətbuatında Azərbaycanla bağlı çox xoş, unudulmaz xatirələrini bölüşürlər.
   Gecədə “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, Azərbaycanın builki təmsilçisi Səbinə Babayeva, 2010-cu ildə ölkəmizi yarışmada təmsil etmiş Səfurə Əlizadə, eləcə də digər tanınmış gənc musiqiçilər çıxış ediblər.
   Rumıniyanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil etmiş “Mandinga” qrupunun səhnəyə çıxması isə konsertə yeni çalar qatıb. Qrupun ifası tamaşaçıların alqışları ilə qarşılanıb. Bakıya səfəri çərçivəsində “Mandinga” qrupu paytaxtımızda yeni klipin çəkilişinə də başlayıb.