İyunun 25-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın ilk müəllif konserti olub.
Konsertdə ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Elnarə Dadaşovanın yaradıcılığı və yüksək insani keyfiyyətlərindən söz açıb. Görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil almış E.Dadaşovanın bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başladığını deyib. Onun fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələdiyini, polifonik, sənədli filmlərə silsilə musiqilər yazdığını da diqqətə çatdırıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazdığı “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərlərinin təşkil etdiyi vurğulandı.
Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E.Dadaşova, həmçinin “Polifoniya”, “Solfecio” üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının da rəhbəridir.
Konsertdə bəstəkarın fortepiano, simli kvartet, skripka və soprano üçün yazılmış “Bahar sərgisi”, “Rəngim döndü sənsiz”, “3 prelüd”, “Sonatina”, “Lay-lay”, “Sənə düşüb meylim”, “Aşıqsayağı”, “Vüqarlı dağları sevirəm”, “İlk bahar”, “4 fuqa” və s. əsərləri səsləndirilib.