Şəkidə keçirilən musiqi festivalında Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Cənubi Koreyanın sənət kollektivləri iştirak edib
   
   Xəbər verildiyi kimi, iyunun 30-da Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalı açılıb. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən musiqi bayramına Türkiyə, Gürcüstan, İran və Cənubi Koreyanın, eləcə də Azərbaycanın milli musiqi, folklor və teatr kollektivləri qatılıb.
   
   Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək zəngin tarixə, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəkidə növbəti “İpək Yolu” beynəlxalq musiqi festivalının keçirilməsini ölkənin mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, artıq üçüncü dəfədir keçirilən “İpək Yolu” musiqi festivalının öz yolunu yenidən Şəki şəhərindən salmasının önəmli səbəbləri var. Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilib. Eyni zamanda 2012-ci ildə Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi də qeyd edilir. Bu yubileyin Beynəlxalq musiqi festivalı günlərində qeyd olunması respublikamız üçün çox əlamətdar hadisədir.
   Festivalın ilk günündə Şəki Xan Sarayının həyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış “Arşınmalçı İpək Yolunda” musiqili hekayət-tamaşa nümayiş etdirilib. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanın dirijoru və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri Xalq artisti Mədinə Əliyevadır. Opera və Balet Teatrının solistlərindən Gülüstan Əliyeva, Fərid Əliyev, Afaq Abbasova, Məhsəti Cabbarova və digər ifaçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.   

   Muğam üçlüyünün konserti və ustad dərsləri
   
   İyulun 1-də Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyü Şəki şəhərindəki “Çələbixan” sarayında maraqlı konsert proqramı ilə çıxış edib. Xalq artisti Mələkxanım Əyyubovanın xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovun (kamança) müşayiəti ilə ifa etdiyi muğam və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb. Konsertin sonunda muğam üçlüyünə şəhər icra hakimiyyəti tərəfindən xatirə hədiyyələri təqdim olunub.

   İyulun 2-də Şəki Musiqi Kollecinin konsert zalında Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün üzvləri - xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov və Mələkxanım Əyyubova kollecin şagirdlərinə ustad dərsləri keçiblər. Bəstəkarlar İttifaqı üzvlərinin və festivala qatılmış xarici ölkə musiqiçilərinin də iştirak etdikləri tədbirdə əvvəlcə kollecin kollektivi konsert proqramı ilə çıxış edib. Orkestr və xorun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura”, “Çənlibel xoru” və digər əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonra kollecin birinci kurs tələbələri Leyla Əliheydərli kamançada H.Rzayevin “Çahargah” rapsodiyasını, Allahverdi Abdurəhimov və Xəyal Bəkirov tarda A.Dvorjakın “Slavyan rəqsi” əsərini, xanəndəlik sinfinin tələbələri Salatın Qəhrəmanova və Məlahət Mahmudova isə muğam parçaları ifa ediblər.
   Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə 2010-cu ildə keçirilmiş birinci festivaldan ötən dövr ərzində kollecin şagirdlərinin musiqi bacarığı və qabiliyyətlərinin xeyli artdığını vurğulayıb. Muğam üçlüyünün üzvləri şagirdlərə tövsiyələrini bildiriblər.
   
   Koreyalı qonaqların çıxışı maraqla qarşılanıb
   
   Festival çərçivəsində Cənubi Koreyanın “Buyoqun Cunqnam” milli alətlər ansamblı da konsert proqramı ilə çıxış edib. “Çələbixan” sarayında keçirilən tədbirdə ansamblın rəhbəri Lee Guq Do əvvəlcə ölkələrinin milli musiqi alətləri barədə məlumat verib. Lee Guq Donun piri (nəfəs aləti), Oh Younq Jinin isə zərb alətlərində ifa etdikləri melodiyalar, “kayaqim” milli musiqi alətinin ifaçısı və vokalçı Ko Ae-Limin məlahətli səsi, rəqqasə Kim Bo Younqun milli rəqsləri tamaşaçılar tərəfindən maraqla izlənilib.
   Konsertin sonunda Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha çıxış edərək festivalın xalqlar arasında dostluq və mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Sonda şəhər icra hakimiyyəti adından ansamblın üzvlərinə xatirə hədiyyələri təqdim olunub.
   
   Türkiyənin sənət kollektivləri festivala rəng qatıb
   
   İyulun 2-də “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun şəhər bələdiyyəsi konservatoriyasının rəqs qrupunun konserti olub. Kollektivin ifa etdiyi rəngarəng folklor və rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 12 ildir ki, fəaliyyət göstərən bu kollektivin müxtəlif yaş qrupları üzrə 140-a yaxın üzvü var. 

   Konsertdən sonra Giresun bələdiyyəsinin nümayəndəsi Ömər Cinər çıxış edərək Şəki şəhəri ilə dostluq və qardaşlıq əlaqələrinin on ildən artıqdır ki, uğurla davam etdiyini bildirib. Festivalın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Ömər Cinər, Şəki şəhəri rəhbərliyini və musiqi kollektivlərini 2013-cü ildə Giresun şəhərində keçiriləcək festivala dəvət edib.
   Həmin gün festival çərçivəsində Türkiyənin “Əl-Kindi” instrumental ansamblının konserti də olub.
   XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan konserti ansamblın yaradıcısı və rəhbəri, ərəb sitr (qanun) alətinin virtuoz ifaçısı, fransız musiqiçisi Jülyen Bernard Cəlaləddin Vayss açaraq ansamblın üzvləri və musiqi alətləri barədə məlumat verib. Qeyd edilib ki, 1983-cü ildə yaradılan bu ansambl orta əsr ərəb filosofu, riyaziyyatçısı, astronomu, ərəb Şərqinin ensiklopedik biliyə malik alimi, həmçinin ərəb-müsəlman musiqi nəzəriyyəsi elminin banisi Əbu Yusif əl-Kindinin şərəfinə belə adlandırılıb. Ansamblın tərkibi ənənəvi Şərq “taxt-şarki” quruluşuna malik olmaqla, qanun, ud, ney, riqqa (tamburin) musiqi alətlərindən ibarətdir. Jülyen Vayssın rəhbərliyi altında “Əl-Kindi” ansamblı 1990-cı ildən başlayaraq müxtəlif ölkələrdən olan tanınmış musiqiçilərlə birlikdə ərəb və türk dillərində dini və dünyəvi mövzularda maraqlı musiqi layihələri, kompozisiyalar hazırlayır. Jülyen Vayss öz konsert layihələrində müxtəlif ölkələrdən olan ifaçılar, o cümlədən Azərbaycandan tarzən Malik Mansurovla əməkdaşlıq edir.
   “İpək Yolu” III Beynəlxalq musiqi festivalı bu gün, iyulun 4-də başa çatacaq.