Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi məktəbləri ənənəvi olaraq dərs ilinin sonunda hesabat konsertlərini təqdim edirlər. May ayı ərzində bir çox hesabat konsertlərini izləmək imkanım olub. Bir-birindən maraqlı konsert proqramları rəngarəngliyi ilə diqqət çəkir. Konsertlər solo ifalarla məhdudlaşmır, duet şəklində, ansambl, xor və hətta respublikamızın tanınmış musiqi kollektivləri ilə birgə çıxışlara önəm verilir. Bu da musiqi məktəblərində təhsil alan gənclərin istedadının və onlara yaradılan şəraitin bariz nümunəsidir.
Mayın 25-i Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri üçün də unudulmaz bir gün kimi xatirəyə çevriləcək.
Görkəmli sənətkarın adını daşıyan məktəbin konsert proqramlarında dəfələrlə olmuşam. Bu dəfə də əmin idim ki, şagirdlər və peşəkar müəllim heyəti bizləri təəccübləndirə biləcəklər. Yanılmadım.
28 May - Respublika Gününə həsr edilmiş konsert respublika müsabiqələri laureatı olan məktəb xorunun ifası ilə başlandı. Xorun rəhbəri Tatyana Yatsenko şagirdləri ilə coşğulu proqram tərtib etmişdi. A.Əlizadənin “Ana torpaq”, V.Adıgözəlovun “Qarabağ şikəstəsi” və ingilis mahnısı olan “Həyatın ritmləri” bir-birini necə tamamladısa, elə ilk dəqiqələrdən sonluğun möhtəşəmliyinə işarə vurdu.
Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirildi. Səhnəyə çıxan qanun çalanlar ansamblı, fortepiano, tar, violin, klarnetdə şagirdlərin ifası bir-birini əvəzlədikcə onları izləyən müəllimlərinin çöhrələrindəki razılıq və sevinc hissinin təsvirini sözlə ifadə etməkdə belə çətinlik yaranır. Konsert boyu təqdim edilən 15-ə yaxın musiqi nömrəsində həm istedadlı şagirdlərin, həm də bacarıqlı və savadlı pedaqoqların sənət ahəngi göz qabağında idi.
Konsert məktəbin xalq çalğı alətlər orkestrinin (rəhbər İsgəndərov Fərman) çıxışı ilə yekunlaşdı. Solistlər Tağıyev Nemət, Şahverdiyev Kənan, Məmmədova Aytənin ifasını təqdim edilən proqramın pik nöqtəsi adlandırmaq olar. Məktəbin şagirdləri Xeyri Məmmədli, Fərəh Musayeva, Nəsib Nəsibli və digərləri öz parlaq çıxışları ilə rəğbət qazandılar.
Konsertin sonunda təəssüratlarını bölüşən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov məktəbin kollektivinə maraqlı konsert proqramına görə təşəkkürünü bildirdi. Vurğuladı ki, musiqi məktəblərinin bu cür nümunəvi çıxışları gələcəyə böyük ümidlər vəd edir.
Məktəbin direktoru Sevda Məmmədova tədbirdə iştirak edən qonaqlara təşəkkür etdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar