Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gənc kamança ifaçılarının Habil Əliyev adına I Respublika müsabiqəsinin mükafatlandırma mərasimi və qaliblərin konserti keçirildi. Tədbirdə nazir Əbülfəs Qarayev, tanınmış xalq musiqi alətləri ifaçıları, uşaq musiqi və incəsənət məktəblərinin direktorları, pedaqoqlar, valideynlər, sənətsevərlər iştirak edirdi.
Kamança ifaçılığı sənətində gənc istedadların üzə çıxarılması, milli musiqimizin təbliği məqsədi daşıyan müsabiqənin I turu aprelin 11-dən 16-dək zonalar üzrə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Ağcabədi və Goranboyda, II tur isə mayın 2-dən 5-dək Habil Əliyevin doğma yurdu Ağdaşda keçirilib.
Konsertdə əvvəlcə görkəmli kamança ifaçısı Habil Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi. Videomaterialda ulu öndər Heydər Əliyevin sənətkara “Şöhrət” ordenini təqdim edərkən onun yaradıcılığı barədə söylədiyi fikirlər zalda alqışlarla qarşılandı. Çünki böyük sənət və ona verilən qiymət əbədidir.
Nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək müsabiqənin məramından söz açdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin istedadlı uşaqlara, uşaq yaradıcılığının inkişafına göstərdiyi qayğı bu gün də dövlət səviyyəsində davam edir. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə istedadlı uşaq və gənclərin adları «Qızıl kitab»a daxil edilir, onlar Prezident təqaüdünə və mükafata layiq görülürlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz çoxşaxəli fəaliyyətində uşaq və gənclərin yaradıcılığını daim dəstəkləyir. Bu müsabiqənin Habil Əliyevin adını daşıması həm də böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi deməkdir. Onun yaradıcılığı gənc musiqiçilər üçün bir məktəbdir.
Qeyd olundu ki, müsabiqəyə Bakı, Gəncə, Şəki, Şirvan şəhər, Ağdaş, Ağstafa, Füzuli, Goranboy, Kürdəmir, Oğuz, Samux, Siyəzən, Şəmkir, Şuşa rayon uşaq musiqi və incəsənət məktəblərindən ümumilikdə 150 nəfər qatılıb. Münsiflər heyətinin üzvləri iştirakçıları dinləməklə yanaşı, müəllim və şagirdlər üçün ustad dərsləri də keçiblər.
Sonra qaliblərin çıxışları başladı. Onları dinlədikcə də düşünürdüm ki, bu qədər istedadın arasından seçim etmək həqiqətən çətin iş imiş.
Müsabiqənin münsiflər heyətinin sədri, professor, Əməkdar incəsənət xadimi Arif Əsədullayev də çıxışında bu məqama toxundu. Bildirdi ki, ilk xalq çalğı alətləri ifaçılarının müsabiqəsində 13 nəfərin iştirak etdiyi vaxtdan keçən təxminən yeddi ildə sənət yarışına qoşulmaq istəyənlərin sayı 150-yə çatıb.
Sonra mükafatlar təqdim edildi. Birinci dərəcəli diplomlara Bakı şəhər L. və M. Rostropoviçlər adına 20 saylı uşaq musiqi məktəbinin şagirdi Mahir Hacıyev, Rauf Hacıyev adına uşaq musiqi məktəbinin şagirdi Şəfi Ömərli, Siyəzən şəhər Əhliman Ağayev adına uşaq incəsənət məktəbinin məzunu Abuzər Əsgərli layiq görüldülər. İkinci və üçüncü yerlərin sahibləri və müəllimlər də diplom və fəxri fərmanlarla təltif olundu.
Qaliblərin mükafatları təqdim edildikdə qopan alqış sədalarının böyük bir qismi həm də onların valideynlərinə və müəllimlərinə ünvanlanırdı. Gənc ifaçılar çıxış etdikcə onların müəllimlərinin də adları çəkilirdi deyə, bir məqam diqqətimizi çəkdi. Əksər çıxışçıların ixtisas müəllimi qadınlar idi. Demə, Azərbaycan ifaçılıq sənətində xanım kamança ifaçılarının az olmasının bir səbəbi də bu imiş. Onlar pedaqoq olmağı ifaçılıqdan daha üstün hesab ediblər.
Tədbirin sonunda münsiflər heyətinin üzvü, Azərbaycan Milli Konservatoriyasının professoru Abasqulu Nəcəfzadə hər kəsi təbrik etdi. O, aprel ayında Qarabağda döyüşlər zamanı çıxışçılardan birinin öz kamançasının tacına qara lent bağladığını yada salıb arzusunu dilə gətirdi: «Gün o gün olsun ki, qələbə bizim olsun! Kamança çalanlarımız da öz alətlərinə qırmızı lent bağlayıb səhnəyə çıxsınlar”.
Gülcahan Mirməmməd