Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə 2010-cu ildən bəri ənənəvi olaraq keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu dəfə 27 iyun - 1 iyul tarixlərində gerçəkləşəcək. Mədəniyyət və Turizm Nazirliyinin də dəstək verdiyi festivala hər il müxtəlif ölkələrdən iştirakçılar qatılır.
VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, eləcə də Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva və Saxa Yakutiya respublikalarından ifaçı və kollektivlər dəvət olunub. Xarici musiqiçilərlə yanaşı festivalda Azərbaycanın görkəmli musiqi kollektivlərindən biri - yaradılmasının 80 illiyini qeyd edən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iştirak edəcək.
Festivalın proqramı geniş və rəngarəngdir. Burada müxtəlif xalqların musiqisinin üzvi surətdə qovuşaraq vahid harmoniya yaratması öz əksini tapıb.
Festivalın açılış günündə Şəkidəki Yay teatrının zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq. İştirakçı ölkələrin ifaçılarının birgə layihəsi kimi hazırlanmış bu konsert proqramına müxtəlif xalqların musiqisi daxil edilib.
Festivalın ikinci günü bütünlükdə Türkiyənin musiqi kollektivlərinin çıxışlarına ayrılıb. Şəki Xan sarayında gerçəkləşəcək gündüz konsertində İstanbulun “Şimdi” ansamblının (bədii rəhbər - Şirin Pancaroğlu), Yay teatrında isə İstanbul Böyükşəhər Bələdiyyəsinin Anadolu türk xalq mahnı və rəqs ansamblının geniş konsert proqramı təqdim olunacaq.
Festivalın konsert proqramında Yaponiya “Vas-Liqa” ansamblı və İran İslam Respublikası “Təbriz” ansamblı ilə təmsil olunur.
Festival günlərində həmçinin, Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçiriləcək.
Festivalın sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında yekun konsert təqdim olunacaq.
Qeyd edək ki, iyunun 25-də “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda, Azərbaycan Dövlət Filarmoniyasında TÜRKSOY-un təşəbbüsü ilə konsert keçiriləcək. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev) çıxış edəcək.