Türkdilli respublikaların 25 illiyinə sənət töhfəsi
TÜRKSOY Gənclik Kamera Orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyi münasibətilə musiqi turnesinə çıxır. Kollektiv Türkiyənin Bolu və Safranbolu şəhərlərində böyük məşqlərdən sonra İngiltərənin London və Oksford, Şotlandiyanın Edinburq və Qlazqo, İtaliyanın isə Forli və Pesaro şəhərlərində “Asiyanın səsləri” adlı konsert proqramları təqdim edəcək.
Kollektiv iyulun 18-də Boluda Abant İzzet Baysal Mədəniyyət Mərkəzində ilk məşqlərini edib. Orkestrin dirijorlar Ənvər Əkbərov (Qazaxıstan) və Mustafa Mehmandarovun (Azərbaycan) idarəsi ilə gerçəkləşəcək konsert proqramında dünya klassikləri ilə yanaşı türk dünyası bəstəkarlarının əsərləri də yer alıb.
Qeyd edək ki, TÜRKSOY Gənclik Kamera Orkestri 2010-cu ildə türkdilli xalqların musiqi potensialının universal klassik musiqi diliylə əks etdirilməsi, türk mədəniyyətinin və klassik musiqi bəstələrinin daha yaxından tanıdılması və populyarlaşdırılması məqsədilə qurulub. Orkestrdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, habelə Rusiya Federasiyası Tatarıstan və Başqırdıstan respublikalarından istedadlı gənc ifaçılar yer alıb.
Kollektiv hər il TÜRKSOY-un xətti ilə dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edir.
Budəfəki “Asiyanın səsləri” konsert proqramları avqustun 3-dək davam edəcək.
Mehparə Sultanova
Ankara