İyulun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzey-musiqi-multikulturalizm” adlı tədbir keçirildi.
"Multikulturizm ili"nə həsr olunmuş tədbirlər silsiləsindən olan görüşə muzeyin "Klassik musiqi həvəskarları" klubunun üzvləri, muzey işçiləri, mətbuat nümayəndələri toplaşmışdı. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova son aylarda iştirakçısı olduqları tədbirlər - mayın 13-dən 16-dək Moskvada keçirilmiş “İntermuzey-2016” beynəlxalq festivalında, 3-9 iyul tarixində İtaliyanın Milan şəhərində Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının “Muzey və mədəni landşaft” mövzusunda 24-cü Baş konfransı barədə məlumat verdi.
Direktor ölkəmizdəki multikulturalizm ənənələrindən bəhs edərək muzeyin fondunda təkcə milli musiqimizə və azərbaycanlı musiqi xadimlərinə dair materialların deyil, digər xalqların musiqi irsinə dair materialların, müxtəlif xalqların milli musiqi alətlərinin də saxlandığını söylədi.
Bildirdi ki, müxtəlif ölkələrdən 315 muzeyin qatıldığı "İntermuzey-2016" festivalında ölkəmizdə musiqiyə göstərilən qayğı və bizim digər xalqların musiqi xadimləri ilə dost və yaradıcılıq münasibətlərindən bəhs edən “Sizdən danışırıq" ekspozisiyası təqdim edilib. Muzeyin nəzdindəki Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti Davud Abdullayev isə bu il 125 illiyi qeyd edilən böyük rus bəstəkarı Sergey Prokofyevin "Üç portağala məhəbbət" operasından marşı tar üçün işlənmiş variantda ifa edib.
Daha sonra tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli rus bəstəkarı D.Şostakoviçin anadan olmasının 110-cu illiyi münasibətilə “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda çıxış etdi. XX əsrdə dünya musiqisinin inkişafında böyük rol oynamış dahi musiqiçinin Azərbaycan bəstəkarları ilə şəxsi dostluğu, Qara Qarayev və Cövdət Hacıyevin sənət müəllimi olması barədə maraqlı faktlar diqqətə çatdırıldı.
Çıxışlar mövzuya uyğun slayd-şou ilə, həmçinin musiqi nömrələri ilə müşayiət olundu. Davud Abdullayev Moskva festivalında çaldığı marşı, Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadə isə D.Şostakoviçin fortepiano üçün prelüdlərini ifa etdilər.

G.Mirməmməd