Yeni il qabağı bayram əhval-ruhiyyəsinin yaşandığı bir vaxtda bu “xof” sözünü işlətmək, vallah, heç mənim də ürəyimcə deyil. Sadəcə hər bayramı doğulduğum rayonda qarşılamaq ənənəm var, elə bu ənənəmin sayəsində, daha doğrusu, bayramqabağı rayona yollanmaq üçün qarşıma çıxan nəqliyyat probleminin ucbatından "bayram xof"unu yaşamalı oluram.


Bu il təqvimdəki bütün xüsusi qırmızı rəqəmli günlərdə, yəni hər bayramda bu xofu-rayona gedib çıxmaq problemini yaşamalı olmuşam.Lap elə bu yaxınlarda yola saldığımız Qurban bayramında olduğu kimi.Təbii ki, bayram olduğundan çoxları paytaxtdan doğma rayonuna üz tutur,bayramı orada qarşılamaq üçün.Elə buradaca da dövlətin müəyyənləşdirdiyi yol qiymətinin üzərinə öz faizlərini gələn sürücülərin əlinə yaxşıca fürsət düşür. Dəmiryol vağzalına gedirsən, bilet yoxdur. Amma... Vağzalda "provadnik" deyilən və bayram günü zati-alilərinə çevrilən "əmi"lər heç kəsi darda qoymur. Avtovağzalda isə bayram günləri kassir işləyən xanımlar yay-qış nədənsə vəzifələrini "dondururlar". Avtobus sürücüləri dövlətin əvəzinə sərnişin üçün gediş haqqı müəyyənləşdirirlər. Hansısa sərnişin etiraz etsə, Qurban bayramı qabağı mənim kimi avtovağzalda donmağı göz önünə almalıdır. Deməli, bilet almaq üçün kassaya yaxınlaşıram. Burada isə 3-4 "əmi" mənə dərs keçirlər ki, indi hər şey özəlləşdirilib, bilet-zad yoxdur. Düzü, bu əmilərin hansı səlahiyyət sahibləri olduğunu aydınlaşdırmaq mümkün deyil. Mən də sual verirəm ki, bilet satışı yığışdırılıbsa, kassirlər və kassalar  nə üçündür? Bilet almaq fikri iflasa uğradığından, əlimdəki çantamı birtəhər mikroavtobusa qoyub maşının rayona çıxmasını gözləyirəm. Amma birdən məlum olur ki, bu yerdə başqası əyləşəcək. Səbəb avtovağzalda sərnişinlərdən pul yığan, üst-başı pinti birisinin kobudluqla verdiyi cavabdadır.


"Bəs bilet axtarmağa gedəndə bilmirdin ki, biz də belə edəcəyik?"
Hansı səlahiyyət sahibi olduğunu soruşub sənədsiz-çeksiz - qanunsuz şəkildə pul yığdığını ona başa salınca avtobus tərpənir. Əlacım ona qalır ki, özümü maşına yetirib çantamı oradan götürüm. Özü də bu hadisələr getməyə hələ nəqliyyat tapmamış, ayaqları donan, uşaqları üşüyən şəxslərin susqun baxışları altında baş verir.Adi günlərdə sərnişin haraylamaqdan boğazları quruyan, hətta sərnişinin yükünü daşımağa hazır sürücülər bu bayram günündə dönüb olurlar yekəxana bəy balası. Bayram günləri onlar elə şərait yaradırlar ki, adam birtəhər rayona çatsın deyə, onların tələb etdiyi məzənnəni ödəməli olur. Bu hal hələ mənim son bayramda başıma gələnlərdir. Bayram günlərində əlavə nəqliyyat hesabına sərnişinlərə şərait yaratmaq isə deyəsən, heç cavabdeh şəxsləri maraqlandırmır.


Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar