Fransa hökuməti Anri Matissin faşistlərin 1941-ci ildə alman yəhudisi Harri Fyülddən müsadirə etdikləri «Çəhrayı divar» əsərini geri qaytarıb. «Breitbart» bildirir ki, əsər hazırkı qanuni sahibinə – İsrailin «Maqen David Adoim» tibb təşkilatına təhvil verilib.
Harri Fyüld əsəri atasından vərəsəlik yolu ilə qəbul edib. Atası isə onu 1914-cü ildə Frankfurtda alıbmış. Fyüld özü 1937-ci ildə faşist Almaniyasından Böyük Britaniyaya qaçıb. Faşistlər isə Almaniyada qalan əsəri müsadirə ediblər.
«Çəhrayı divar» müharibədən sonra SS zabiti Krt Qrenştayna məxsus incəsənt kolleksiyasının içində tapılıb. Əsərin sənədlərində gömrük möhüründə qeyd olunub ki, o, Almaniyaya Fransadan gətirilib. Buna görə də «Çəhrayı divar»ı Fransa hökumətinə qaytarıblar.
Lakin bir müddət əvvəl almaniyalı incəsənət tarixçisi Marina Blümberq müəyyən eldib ki, «Çəhrayı divar» adlı əsər Harri Fyüldə məxsus olub və hazırda əsərin qanuni sahibi «Maqen David Adom»dur. Bundan sonra əsər qaytarılıb. Fransa mədəniyyət naziri Kristin Albanel təntənəli mərasimdə çıxışı zamanı vurğulayıb ki, bu, «xatirə aktı»dır.
Qeyd edək ki, Fransada İkinci dünya müharibəsi zamanı gətirilən və sahibi hələ də müəyyən edilməyən 2 mindən çox incəsənət əsəri var.