Hollivudda populyar «Polis akademiyası» komediya kinoserialının növbəti hissəsinin çəkilişlərinə hazırlıq prosesi gedir. «The Sun» qəzetinin yazdığına görə, bu barədə filmin ilk dörd seriyasında əsas rollardan birini oynayan aktyor Stiv Quttenberq bildirib.
Quttenberq tamaşaçıları bəzi sürprizlərin gözlədiyini vurğulayıb: «Bu, çox gülməli film olacaq. Ssenari artıq hazırdır və serialda çəkilən bütün aktyorlar qayıdacaqlar». O, vaxtilə «Polis akademiyası»nda çəkilən Şeron Stoun, Kim Kettrol kimi aktyorlara da dəvət göndərildiyini vurğulayıb. Lakin artıq məşhur olan bu aktyorlardan hələlik cavab gəlməyib.
Stiv Quttenberq polis əməkdaşları barədə komediya filmindən əlavə, daha bir populyar filmin davamını çəkmək istəyir. O, «Üç kişi və nənnidəki körpə uşaq» filmini hədəf götürüb. Yeni layihənin ilkin adı «Üç kişi və gəlin»dir. Hazırda həmin filmin ssenarisi üzərində iş gedir.