Yunan arxeoloqları Fessaliyada çox qədim tarixi olan kənd tapıblar. «France Presse» agentliyinin Yunanıstan Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, kəndin tarixi bizim eradan əvvəl beşinci minilliyə gedib çıxır. Arxeoloqlar taxtadan hazırlanan tikililər, çiy kərpiclər, keramik vazalar, sobalar, eləcə də daş alətlər tapıblar. Onların hamısı qədim neolit dövrünə aiddir. Vassili kəndi yaxınlığındakı qədim yaşayış məskəni təsadüfən tapılıb – qaz kəmərinin çəkilişi üçün qazıntı işləri aparılarkən. Arxeoloqlar müəyyən ediblər ki, Yunanıstanın mərkəzi hissəsində yerləşən və məhsuldar düzənliklərə malik olan Fessaliya qədim əkinçiləri cəlb edirmiş: arxeoloqlar 19-cu əsrin ortalarından başlayaraq bu ərazidə dəfələrlə neolit dövrünə aid yaşayış məskənləri tapıblar. Güman edildiyinə görə, kənd yanğın nəticəsində məhv olub və sağ qalan əhali ərazini tərk edib. Yanğın nəticəsində torpaq evlər bişərək möhkəmlənib və bu da onların bizim dövrə qədər gəlib çatmasına səbəb olub. Tikililərin divarları torpaqla örtülən budaqlardan hazırlanırmış və dirəklərə söykənirmiş. Dam örtüyü də torpaqdan hazırlanırmış. Alimlər bizim eramızdan əvvəl birinci mimnilliyə aid qatlarda – neolit kəndinin ərazisində kiçik qəbiristanlıq da tapıblar. Qeyd edək ki, bu ay Yunanıstanda daha bir qədim tikili tapılıb. Həmin tikilinin tarixi bizim eradan əvvəl altıncı minilliyə gedib çıxır.