Yaponiyanın Osaki şəhərinin universitetinin teatrında tarixdə ilk dəfə robotların iştirakı ilə pyes səhnələşdirilir. Xüsusi olaraq proqramlaşdırılan robotlar həqiqi aktyorlarla dialoqa girərək səhnədə hərəkət edəcəklər. «BBC»nin verdiyi məlumata görə, «Mən işçiyəm» adlı təxminən 20 dəqiqəlik tamaşanın premyerası 2010-cu ilə nəzərdə tutulub. Tamaşanın adı məşhur fantast Ayzek Əzimovun «Mən robotam» adlı klassik əsərindən götürülüb. Pyesin müəllifi, dramaturq Oriza Xiratanın sözlərinə görə, tamaşa müasir Yaponiya üçün son dərəcə aktyal olan insan və maşın münasibətlərinə toxunur. Süjet evində iki robotu olan ailənin hekayəsi üzərində qurulub. Robotlardan birinin həyata olan marağı itir və o daha işləmir. Robot yaşayışının darıxdırıcı olduğundan şikayətlənərək həyatının məqsədi ilə bağlı sahibinə sual unvanlayır. Tamaşada «Mitsubushi» şirkəti tərəfindən yaradılan «Wakamaru» robotlarından istifadə edilir. Maşınların proqram təminatı isə universitetdə daha da təkmilləşdirilib. Robot-aktyorlar yadplanetlilərə oxşayırlar – onların hündürlüyü 1 metr təşkil edir. «BBC» qeyd edir ki, artıq səhnəyə çıxan robotlar tezliklə avtoqraf verməyi və paparatsilərdən qaçmağı da öyrənməli olacaqlar.