Müğənni Madonna keçmiş həyat yoldaşı, kinorejissor Qay Riçiyə təxminən 50 milyon funt-sterlinq (76 milyon dollara yaxın) ödəyib. Bu, ser Pol Makkartninin keçmiş həyat yoldaşı Xezer Milzə ödədiyi məbləğdən qat-qat çoxdur. Milz boşandıqdan sonra Makkartnidən «cəmi» 24,3 milyon funt-sterlinq qopara bilmişdi.

Müğənninin rəsmi nümayəndəsi Liz Rozenberq bildirib ki, bu məbləğə keçmiş cütlüyün Britaniyadakı evinin dəyəri də daxildir. O, artıq boşanma prosesinin maliyyə tərəfinin həll olunduğunu vurğulayıb. Lakin Madonna və Riçi uşaqlarının kiminlə qalacağını hələ də həll edə bilməyiblər. Xatırladaq ki, Madonna və Qay Riçi noyabr ayının əvvəlində Londonun Ali Məhkəməsində qısa dinləmələrdən sonra boşanıblar. Qay Riçi sonradan bəyan edib ki, pul məsələsinin nikahın pozulmasına heç bir aidiyyəti olmayıb.


Qay Riçi və Madonna 2000-ci ilin dekabrında evləniblər. Onların birgə nikahdan 8 yaşlı Rokko və 3 yaşlı David Banda adlı iki uşağı var.