Ernest Şepardın ayı balası Vinni-Puxun macəraları barədə kitab üçün çəkdiyi orijinal şəkillər toplusu "Sothebys" auksionunda 1,2 milyon funt-sterlinqə (təxminən 2 milyon dollar) satılıb. "The Daily Telegraph" qəzeti bildirir ki, "O izlə getdi və… donuz balası onun ardınca qaçdı" adlı şəkil ən baha satılan əsər olub. Bu şəklə görə 115 min funt-sterlinq (179 min dollar) veriblər.
Bu həmin əsərə qoyulan ilkin qiymətdən ən azı iki dəfə baha olub.

Nəticədə həmin şəkil Şepardın qiymət rekordunu da təzələyib. İndiyə qədər onun ən baha əsəri 110 min funt-sterlinqə (160 min dollar) satılmışdı. "Bum, bum, bum - pilləkənlə yuxarı" adlı əsər də çox baha qiymətə satılıb. Əvvəlcə bu şəklin 50-70 min funt-sterlinqə (70-100 min dollar) satılacağı gözlənilsə də, sonda həmin əsərə görə 150 min dollar ödənilib.
Ümumilikdə isə "Sothebys" "Belə bir ayı var" adlı 42 lotdan 40-nı satıb.