Parisdəki Luvr muzeyinin əməkdaşları İntibah dövrünün dahi italyan rəssamı Leonardo da Vinçinin çəkdiyi güman edilən üç eskiz tapıblar. Şəkillər Luvrun laboratoriyasındakı planlaşdırılmış baxış zamanı müəyyən edilib. Eskizlər da Vinçinin "Madonna və müqəddəs Anna ilə bir yerdə körpə" adlı əsərində olub. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.


Yağlı boya ilə çəkilən şəkli araşdıran zaman bədii əsər departamentinin əməkdaşı onun əks tərəfində güclə sezilən daha iki eskiz aşkar edib: at başı və kəllənin yarısı. Bundan sonra rəsm əsərini daha ciddi tədqiqat üçün yenidən laboratoriyaya qaytarıblar. Bu zaman mütəxəssislər üçüncü eskizi də aşkar ediblər. Həmin eskizdə İsa peyğəmbərin körpəliyi və quzu balası təsvir edilib.


Tədqiqatçılar bunu "qeyri-adi kəşf" adlandırıblar. Çünki adi vəziyyətdə şəklin arxasındakı eskizləri görmək mümkün deyil. Məhz bu səbəbdən də indiyə qədər onların mövcudiyyəti barədə heç bir məlumat olmayıb.
Hazırda Luvr əməkdaşları unikal kəşf üzərində tədqiqatı davam etdirirlər.