Bundan sonra Berlin filarmonik orkestrinin konsertlərini İnternet vasitəsilə izləmək olar. Dekabrın 18-də orkestrin saytında "rəqəmsal konsert zalı" açılıb və birbaşa konsert translyasiyası təşkil edilib. "RİA Novosti" agentliyinin məlumatına görə, ilk konsert 2009-cu il yanvarın 6-da baş tutacaq.
Evdən çıxmadan konsertə qulaq asmaq üçün saytda "elektron bilet" almaq lazımdır. "Rəqəmsal konsert zalı"nın açılışına bilet 5,5 avro, sonrakı konsertlərə isə 9,9 avro təşkil edəcək.


Berlin filarmonik orkestri Almaniyanın ən böyük simfonik orkestridir. Onu 1882-ci ildə Benyamin Bilzenin orkestrinin 54 musiqiçisi yaradıb. Onlar ənənəyə uyğun olaraq yay aylarında Varşava konsertinə getməkdən imtina edərək yeni orkestr yaratdıqlarını bəyan ediblər. Əvvəlcə orkestr "Bilzenin keçmiş orkestri" adlanıb. 1887-ci ildən isə kollektiv Berlin filarmonik orkestri adını qəbul edib.
Qeyd edək ki, klassik musiqi üzrə Avropanın nüfuzlu "Gramophone" jurnalının versiyasına görə, Berlin filarmonik orkestri dünyanın ən yaxşı simfonik orkestrlərinin arasında ikinci yeri tutur. Birinci yer Konsertqebau Kral orkestrinə (Hollandiya, Amsterdam) verilib. Üçüncü yeri isə Vyana (Avstriya) filarmonik orkestri tutur.