Hollivudda çalışan məşhur ispaniyalı aktyor Antonio Banderas dahi rəssam Salvador Dalinin rolunu oynamaq təklifini qəbul etdiyini bildirib. İTAR-TASS agentliyi bildirir ki, filmi ingilis rejissoru Saymon Uest çəkəcək.
Nyu-Yorkdakı Servantes İnstitutunda çıxış edən Banderas əvvəlcə Uestin təklifindən imtina etdiyini açıqlayıb: "Çünki özümü bu rolda görmürdüm. Amma rejissor qrim çəkəndən sonra sınaq keçirməkdə təkid etdi. Mən isə oxşarlıqdan dəhşətə gəldim".


Banderas onu da bildirib ki, Dalini canlandırmaq təklifini qəbul edəndən sonra rəssamın həyatı ilə bağlı bütün məqamları öyrənməyə çalışıb: "Mən onun barəsində böyük sayda ədəbiyyat əldə etmişəm, gündəliklərini oxumuşam, əldə olan kinomateriallara, o cümlədən Dalinin 1980-ci illərdə Palome Çamorrodakı müsahibələrinə baxmışam". Banderas qadın rolunu oynaya biləcək aktrisaların siyahısını  gördüyünü də açıqlayıb, lakin Dalinin həyat yoldaşı Qalanı canlandıra biləcək aktrisanın adını çəkməkdən imtina edib.