Hollivud ulduzu Nikol Kidman artıq kinoya çəkilməkdə maraqlı deyil və özünü ancaq ailəsinə həsr etmək niyyətindədir. "WorstPreviews" İnternet saytının məlumatına görə, avstraliyalı aktrisa bu barədə sonuncu müsahibələrindən birində deyib.
Akstrisa etiraf edib ki, artıq kinematoqrafiyaya həvəsi qalmayıb: "Deməliyəm ki, artıq bu mənim üçün maraqlı deyil. Belə bir bəyanatın mənim dilimdən səslənməsinin qəribə olduğunu başa düşürəm. Mənim 41 yaşım var. Tennessidə uşağım və ərimlə bir yerdə olmaqdan xoşbəxtəm. Mən yaradıcı insanam və yaradıcılığa meylim özünü haradasa göstərməlidir. Amma mən indi həmin tələbatı əvvəllər olduğu kimi hiss etmirəm". Nikol Kidman əlavə edib ki, artıq baş verənlərlə barışıb və hazırkı vəziyyət onu tam qane edir.
Qeyd edək ki, bir müddət əvvələ qədər dünyanın ən bahalı aktrisası olan Kidmanın iştirakı ilə çəkilən son filmlərin hamısı uğursuzluğa düçar olub. Onun sonuncu çəkildiyi "Avstraliya" filmi də eyni aqibətlə üzləşib. 130 milyon dollar xərclənən film hələlik cəmi 40 milyon dollar toplayıb.
Xatırladaq ki, bir qədər əvvəl "Forbes" jurnalı Nikol Kidmanı Hollivudun "qiyməti ən çox şişirdilən aktrisası" elan edib.