Amerikanın Detroyt şəhərindən olan ər-arvad şəhərin fəhlələrinə 11 min dollar bağışlayıblar. «Associated Press» agentliyinin məlumatına görə, adlarının gizli qalmasını istəyən cütlük qarşıdan gələn bayram münasibətilə hər yoldan keçənə 100 dollarlıq əsginaz paylayıb. Onlar bildiriblər ki, Yeni il ərəfəsində avtomobil sənayesindəki böhrandan, artmaqda olan işsizlikdən, ipoteka və böyük maliyyə böhranından məyus olan bütün insanları sevindirmək istəyiblər. Baş verənlərdən xəbər tutan polis hadisə yerinə gəlib və… aksiyanın sonuna kimi ər və arvadı mühafizə edib. Qeyd edək ki, «Gizli Santa» adlanan anonim təbrik kampaniyası ABŞ, Kanada, Böyük Britaniya və bir sıra digər ölkələrdə geniş yayılıb. Adətən bu kampaniya böyük ailələrdə və əmək kollektivlərində həyata keçirilir. Bu zaman insanlar anonimliyi saxlamaq şərtilə bir-birinə hədiyyələr bağışlayırlar. Dünyanın ən məşhur «Gizli Santa Klausu» isə amerikalı milyoner Larri Stüart sayılır. O, 26 il ərzində Yeni il ərəfəsində Kanzas-sitidə ehtiyacı olan ailələrə pul paylayıb.