Braziliyanın Rio-de Janeyro şəhərində dünyanın ən böyük üzən yolkası qurulub. Bu barədə «RİA Novosti» agentliyi məlumat yayıb. Yeni il yolkasının qurulmasına hələ sentyabrın 20-də başlanılıb. O, Rionun cənub hissəsində dəbdəbəli rayonların və okean çimərliklərinin yaxınlığında - Laqoa gölündə ümumi çəkisi 530 tona çatan xüsusi pantonlar üzərində qurulub. Qaranlıq düşəndən sonra nəhəng yolkanın səthində bir-birini əvəz edərək göstəriləcək süjetlərin yaradılması üçün təxminən 3 milyon lampadan istifadə olunub. Yolkanın altında üzü yuxarı - səmaya doğru işıq saçan və hər birinin gücü 7 min vatta çatan dörd projektor quraşdırılıb.


Nəhəng üzən yolka 13 illik mövcudiyyəti dövründə ilk dəfə rekord qırmayıb. Təşkilatçıların qərarına əsasən, onun hündürlüyü 85 metr (28 mərtəbəli bina) təşkil edib. Lakin bu, Ginnesin Rekordlar Kitabındakı dünyanın ən hündur üzən yolkası adını qoruyub saxlamağa kifayət edib. Amma bu il də yeniliksiz ötüşməyib. Yolkanın metal konstruksiyasına xüsusi elektron zəng asılıb. Həmin zəng hər gün Yeni İl musiqilərini səsləndirir. Bundan əlavə, hər həftənin şənbə günündə yolka pirotexnik tamaşanın mərkəzinə çevrilir. Yolkanın kənarlarında və zirvəsində quraşdırılan xüsusi qurğulardan açılan atəşlə atəşfəşanlıq da təşkil olunur.